Keçmiş Almaniya kansleri Angela Merkel Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsinə gətirib çıxaran səbəblərlə bağlı qalmaqallı açıqlamalar verib. O, Macarıstanın “Partizán” platformasına verdiyi müsahibəsində bir sıra xarici və daxili amillərin Kreml rəhbərliyinin radikallaşmasında rol oynadığını bildirib.
Merkelin sözlərinə görə, COVID-19 pandemiyası dövründə tətbiq edilən karantin qaydaları səbəbindən Rusiya prezidenti Vladimir Putinlə üzbəüz görüşlər mümkün olmayıb. Onun fikrincə, bu, tərəflər arasında konstruktiv dialoqun qurulmasına ciddi maneə yaradıb və kompromis tapmaq imkanlarını azaldıb.
Vətəninfo.az xəbər verir ki, keçmiş kansler həmçinin 2021-ci ildə Fransa ilə birlikdə Rusiya ilə yeni danışıqlar formatı təklif etdiklərini, lakin Polşa və Baltik ölkələrinin bu təşəbbüsə qarşı çıxdığını bildirib. Merkel qeyd edib ki, həmin ölkələr Avropa İttifaqında vahid mövqenin itirilməsindən ehtiyat edərək bu təşəbbüsün qarşısını alıblar. Onun fikrincə, bu da münasibətlərin gərginləşməsinə və sonda müharibəyə səbəb olub.
Merkel 2015-ci il Minsk razılaşmalarını da xatırladaraq bildirib ki, bu sənədlər 2021-ci ilə qədər Ukraynaya müəyyən dərəcədə sabitlik qazandırıb və ölkəyə müdafiə potensialını gücləndirmək üçün zaman verib.
Merkelin açıqlamaları Polşa və Baltik ölkələrinin kəskin tənqidi ilə qarşılanıb. Onlar keçmiş kansleri tarixə yanlış qiymət verməkdə və Rusiyanın 2014-cü ildən başlayan aqressiyasını nəzərdən qaçırmaqda ittiham ediblər. Xüsusilə Polşanın keçmiş prezidenti Andjey Duda Merkeli “Putini legitimləşdirmək cəhdində” suçlayıb.
Analitiklər hesab edirlər ki, Merkelin fikirləri Avropa İttifaqı daxilində Ukrayna müharibəsinə dair diplomatik strategiyalara və ümumi məsuliyyət bölgüsünə dair müzakirələri yenidən aktuallaşdırır.