12.10.2024-cü il tarixində Zaqatala rayonu Lahıc kəndində Vətən Müharibəsi Qəhrəmanı, şəhid Səmədov İsmayılın və 13.10.2024-cü il tarixində Lahıc kəndində şəhid Məmmədov Vüsalın və Muxax kəndində şəhid Məmmədov Vidadinin əziz xatirələri yad edilib.
Vətəninfo.az xəbər verir ki, şəhidlərin ildönümü ilə əlaqədar keçirilən tədbirlərdə Milli Məclisin deputatı Asif Əsgərov, Zaqatala RİHB-sı Mübariz Əhmədzadə, idarə və müəssisə rəhbərləri, şəhid anaları, qazilər, ictimaiyyət nümayəndələri, din xadimləri, təhsil işçiləri, məktəblilər şəhidlərin məzarını ziyarət edib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin məzarı üzərinə gül dəstələri düzüb, əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Tədbirlərdə qəhrəman şəhidlərimizin döyüş yolu ehtiramla xatırlanıb.
Xüsusi ilə vurğulanıb ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi Qələbəmizdən, lokal antiterror tədbirlərinin uğurla başa çatmasından sonra suverenliyimizin bütün ərazilərimizdə tam bərpasından, doğma Qarabağımızda həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən və Böyük Qayıdışımızdan irəli gələn yeni hədəfləri müəyyənləşdirən qalib dövlət və xalq kimi müstəqilliyinin ən qüdrətli dövrünü yaşayır.
12.10.2024-cü il tarixində Milli Məclisin deputatı Asif Əsgərov Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatı aparatının inzibati binasında vətəndaş qəbulunu keçirib.
Deputat qəbul zamanı seçicilərin çoxsaylı müraciətlərini dinləyib. Bəzi məsələlər yerində həll olundu.
Qəbul zamanı vətəndaşlar tərəfindən edilən müraciətlərdən Milli Məclisin deputatının səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində obyektiv araşdırılması və operativ həlli ilə bağlı aidiyyəti üzrə tapşırıq və tövsiyyələr verilib.