image-photo_557029backend

Millət vəkili: “İranın əsas istiqaməti Azərbaycanı gərginlik içində saxlamaqdır” – ŞƏRH

image-reklam_sirab_01

“İran xüsusi xidmət orqanlarının ölkəmizdə, eləcə də bütün Yaxın Şərq dövlətlərinin ərazisində kəşfiyyat-pozuculuq fəaliyyəti yenilik deyil. DTX- nın açıqlaması isə onu göstərir ki, bu fəaliyyət ölkə ərazisində artıq elə miqyas alıb ki, bu barədə rəsmi orqanlar da açıqlama vermək məcburiyyətində qalıblar”.

Bu sözləri deputat Cavanşir Feyziyev  açıqlamasında DTX rəisinin birinci müavini, general-leytenant Ceyhun Şadlinskinin İran xüsusi xidmət orqanları Azərbaycana qarşı aktiv şəkildə kəşfiyyat-pozuculuq fəaliyyəti həyata keçirməsi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib:

“Pakistandan başlamış Əfqanıstan, İrak, Suriya, Yəmən və hətta Səudiyyə Ərəbistanına qədər bütün ölkələrdə vaxtaşırı sabitliyin pozulması və daimi gərginlik bir çox hallarda İranın həmin ölkələrdəki pozuculuq fəaliyyəti ilə bağlıdır. Azərbaycana qarşı İranın qeyri-səmimi münasibəti də yeni deyil. Hələ 1918- ci ildə İran Azərbaycan ərazisinin guya İranın tərkib hissəsi olduğunu iddia edərək Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini tanımaqdan imtina etmişdi. Sovet İttifaqının süqutundan sonra İran bizim dövlət müstəqilliyimizi formal olaraq tanısa da əslində həmişə onun möhkəmləndirilməsinə əngəl törətməyə çalışıb. Dövlət quruculuğumuzun ən kövrək və həssas illərində erməni təcavüzünə gizli dəstək verib. 1993-cü ildə erməni təcavüzünə cavab tədbiri kimi Türkiyə Ermənistanla sərhədlərini bağladı. İran isə ölkəmizin ərazisinin 20 %-i, o cümlədən İranla həmsərhəd bölgələrin işğalına səssiz qaldı. İşğal birbaşa İran sərhədlərində baş vermişdi və buna görə də İran kəskin reaksiya nümayiş etdirməli və işğalçıya “dur” deməli idi. Lakin sonralar hamıya bəlli olduğu kimi, 30 ilə yaxın bir müddətdə işğal olunmuş ərazilərin dağıdılmasında və qarət edilməsində İran ermənilərlə bərabər fəaliyyət göstərib. İşğalçı qüvvələrin qeyri-qanuni silahlandırılması, işğal olunmuş ərazilərdən narko-trafik kimi istifadə olunması, hətta Vətən müharibəsi zamanı İran ərazisindən Ermənistana və Qarabağdakı separatçılara silah-sursat daşınması ilə bağlı faktlar dəfələrlə  mətbuatda açıqlanıb”.

Millət vəkilinin sözlərinə görə, adətən hər dəfə belə faktlar ortaya çıxanda İran hakimiyyəti Azərbaycana sevgisini və məhəbbətini ifadə edən açıqlamalar səsləndirməklə faktlara izah verməkdən yayınır.

“Azərbaycan ictimaiyyəti isə İranın bu davranışına da təmkinlə yanaşır. Cənubi Azərbayacanda yaşayan 40 milyon soydaşımızın təzyiqlərə məruz qalmaması naminə Azərbaycan həmişə İran hakimiyyətinin ziddiyyətli addımlarına dözüm nümayiş etdirib. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, İranın Azərbaycana qarşı pozuculuq siyasətinin də səbəbi elə İranda on milyonlarla soydaşımızın yaşamasıdır. Məncə, İran hakimiyyəti belə düşünür ki, müstəqil Azərbaycanın siyasi-iqtisadi inkişafı, burada aparılan demokratik islahatların uğurları Cənubi Azərbaycan əhalisini də dəyişikliklərə ruhlandıra bilər. Onlar da öz hüquqlarının müstəqil Azərbaycan Respublikasında olduğu kimi təmin olunmasını tələb etməyə başlaya bilərlər. Buna görə də hər vəchlə Azərbaycanda gedən inkişaf proseslərinə mane olmaq, ölkəmiz daxilində daimi gərginlik yaratmaq İran siyasətinin əsas istiqamətləridir”.

C.Feyziyev sonda bunları qeyd etdi:

“Lakin belə bir siyasətin heç bir perspektivi yoxdur. Bu gün dünya başqa dəyərlərlə yaşayır. İran hakimiyyətinin öz vətəndaşlarını ən adi insan haqlarından məhrum etməsi, nüvə silahı əldə etməyə çalışması, qonşu ölkələrin ərazisində qeyri-formal silahlı qruplar vasitəsilə onların daxili işlərinə müdaxilə etmək cəhdləri kəskin tənqid olunur. İran artıq 40 ilə yaxındır ki, beynəlxalq sanksiyalara məruz qalır. Bütün bunlar onu göstərir ki, İranın apardığı siyasət bütövkükdə sivil dünya tərəfindən qəbul olunmur. Ona görə də İran siyasi hakimiyyəti dünyanın pozitiv inkişaf tendensiyalarının məntiqinə uyğun siyasət yürütməli, ilk növbədə öz ərazisində yaşayan bütün xalqların və millətlərin hüquqlarını tanımalı və başqa ölkələrin daxili işlərinə qarışmaqdan imtina etməlidir. Əks təqdirdə ölkədə rejim dəyişikliyi qaçılmaz olacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki