image-1backend

Milli Məclisin ən aktiv deputatları kimlərdir? – Baş redaktorlar adlar açıqladı

image-reklam_sirab_01
Azərbaycanda 1 sentyabr – Növbədənkənar Parlament seçkilərinə sayılı günlər qalır.

Ölkədə VI çağırış Milli Məclisdə 125 deputat təmsil olunub. Həmin deputatlardan çoxu yenidən namizədliyini irəli sürüb və VII çağırış Milli Məclisdə də təmsil olunmaq niyyətindədirlər.
Ancaq diqqətçəkən məqamlardan biri də odur ki, 5 il ərzində media ilə sıx işbirliyində olan, jurnalistlərin suallarını, sorğularını cavablandıran deputatlar təbliğat-təşviqat dövründə mediadan uzaq durmağa çalışırlar. Onlar seçki kampaniyalarını mediada deyil, sosal şəbəkələrdə aparmağı lazım biliblər.

Bəs, görəsən media rəhbərləri son 4 ildə hansı deputatların fəaliyyətlərindən razı qalıblar?

VI çağırış Milli Məclisin deputatlarından mediaya açıq, sorğuları operativ cavablandıran deputatlar kimlər olub?

AZXEBER.COM mövzuyla əlaqədar baş redaktorlar arasında sorğu keçirib.

“Demokrat.az” xəbər portalının rəhbəri Vasif Həsənli bildirib ki, parlamentdə həmişə aktiv deputatlar barmaqla sayılası qədər olub:

“Parlamentdə aktiv deputatlar demək olar ki, həmişə eyni olub. Spiker Sahiba Qafarova, Adil Əliyev, Vahid Əhmədov, Jalə Əhmədova, Əli Hüseynli, Əli Məsimli, Zahid Oruc, Fazil Mustafa, Qüdrət Həsənquliyev, rəhmətlik Qənirə Paşayeva. Bu siyahıya bir neçəsini də əlavə etmək olar, lakin bu belə demək mümkünsə, barmaqla sayılacaq qədərdir. 125 deputatın böyük hissəsi “yox” kimidir, onları nə parlamentdə, nə də mediada danışan görmüşük. Belə təəssürat yaranır ki, Milli Məclisdə kiçik bir qrup deputat işləyir, yerdə qalanların adı var, özü yox. Bu baxımdan, VI çağırış Milli Məclisin fəaliyyətini “susqun parlament” kimi qiymətləndirmək olar. Yalnız barmaqla sayılacaq qədər millət vəkili bütün parlamentin təmsilçisi kimi çıxış edir. Hətta, bəzi sabiq deputatlar var ki, parlamentin üzvlərindən dəfələrlə fəal oldular, onların hər gün mediada çıxışını izləyirik. Misal üçün, təkcə Çingiz Qənizadə öz aktiv fəaliyyəti ilə deputat olmaya-olmaya onlarla millət vəkilindən daha çox iş görür. Bu gün onun kimi fəal millət vəkillərinə parlamentdə ehtiyac var. Çox təəssüf edirəm ki, Çingiz Qənizadə bu dəfə deputatlığa namizədliyini irəli sürmədi.

Nəzərə alsaq ki, 44 günlük müharibədən sonra ölkədə və regionda yeni çağırışlar yaranıb, parlamentin fəaliyyətinin buna adekvat olmadığını deyə bilərik. Bu, təbii ki, qəbuledilən hal deyil. Qanunverici orqan cənab Prezident İlham Əliyevin regional və qlobal səviyyədə həyata keçirdiyi siyasətə adekvat olmalı, ən azından, bu siyasətə dəstək göstərmək gücündə olmalıdır.

Təəssüf ki, VI çağırış Milli Məclis bu reallıqlara qismən cavab verə bildi, bu da məhz aktiv deputatların fəaliyyəti sayəsində. Ümumilikdə isə qeyd etdiyim kimi, sonuncu çağırış qanunverici orqan daha çox “susqun”, “səssiz” parlament kimi yadda qaldı”.

“Editor.az” informasiya portalının baş redaktoru Fərid Şahbazlı da sualımıza cavab olaraq qeyd edib ki, parlamentdə elə deputatlar var ki, çox ciddi fəaliyyətlə məşğuldurlar, amma bir qədər təbliğatdan uzaqdırlar:

“Mən hesab edirəm ki, bir sıra deputatlar öncəki parlamentdə fərqləniblər. Mütləq ad çəkmək lazımdırsa, bəlkə də uzun ola bilər, amma obyektivlik naminə bunları qeyd etmək lazımdır. Mən real, seçiciləriylə, beynəlxalq təşkilatlarla iş görən, mediaya açıq adamların adını deyə bilərəm. Elə deputatlar da var ki, çox ciddi fəaliyyətlə məşğuldurlar, amma bir qədər təbliğatdan uzaqdırlar. Mən şəxsən Naqif Həmzəyevin, Vüqar İskəndərovun, Ülvi Quliyevin, Könül Nurullayevanın, Arzu Nağıyevin, Pərvin Kərimzadənin mediaya münasibətindən, parlamentdə aktiv fəaliyyəti, seçicilərlə görüşlərin keçirilməsi, real problemlərin həlli istiqamətində fəaliyyətini bəyənir və yüksək qiymətləndirirəm. Prinsipial məsələlərdə dövlət mövqeyindən çıxış edən şəxslərdən Elşən Musayevi qeyd edə bilərəm. Tədbirlərdə aktiv iştirak edən Müşviq Cəfərlini misal gətirə bilərəm”.
“Tribuna.az” informasiya portalının baş redaktoru Əlişir Əhəd ən fəal deputatların adlarını açıqlayıb:

“Hesab edirəm millət vəkilinin fəaliyyətinə media ilə yaxınlıq fonunda qiymət vermək doğru deyil. Hər bir deputat mütləqdir ki, seçicisinə yaxın olmalı, onun problemlərini dinləməli, məsələ qaldırmalı və bu fonda fəal olmalıdır. Ona görə də, media ilə yaxşı əlaqə qurub, onun sorğularına cavab verib, seçicisinə diqqət etməyən deputata fəal demək, yumşaq desək, doğru deyil.

VI çağırış Milli Məclisdə öhdəsinə düşən vəzifələri yerinə yetirən, seçiciləri ilə yüksək əlaqələr quran deputatlar, təbii ki, var. Şəxsi qənaətim budur ki, Məşhur Məmmədov, Zahid Oruc, Arzu Nağıyev, Əli Hüseynli bu kriteriyalara cavab veriblər”.

“Pravda.az” saytının baş redaktoru İlkin Pirəli saytımıza açıqlamasında razı qaldığı deputatların adını açıqlayıb:

“VI çağırış Milli Məclis Zəfər komandasının tərkib hissəsi olub. Bilirsiniz ki, 2020-ci ilin əvvəllərində Milli Məclis formalaşdı, ilin sonlarına yaxın isə Vətən müharibəsi başladı və qələbə ilə başa çatdı. VI çağırış Milli Məclisin əvvəlkilərdən fərqi budur. Parlament fəaliyyəti ilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətə adekvat olmağa çalışıb. Mahir Abbaszadə, Siyavuş Novruzov, Tahir Kərimli, Kəmaləddin Qafarov, Fazil Mustafa, Elman Nəsirov, Tahir Rzayev və digərləri həm qanunverici təşəbbüslə çıxış edib, ictimai-siyasi məsələlərə münasibət bildiriblər, seçicilərlə də daim maraqlanıblar. Təbii ki, hər çağırışda olduğu kimi, VI çağırışda da fəaliyyətsiz, dövlətin həyata keçirdiyi siyasətə töhfə verməyən, seçicilərlə maraqlanmayan deputatlar da olub. Belə deputatlar digərlərinin kölgəsində gizlənməyi daha üstün tuturlar, seçki başlayan kimi isə üzə çıxır və vəd verməyə başlayır. Artıq bu variantlar o qədər də keçərli deyil, seçici də, dövlət də kimin hansı fəaliyyətlə məşğul olduğunu yaxşı bilir. Hazırda növbədənkənar seçkilərlə əlaqədar təşviqat həyata keçirilir, diqqətlə müşahidə etsəniz, görərsiniz ki, seçkidən-seçkiyə üzə çıxanlar kimlərdir. Amma etiraf etmək lazımdır ki, bu seçkilərdəki namizədlər əvvəlkilərdən müəyyən qədər fərqlənirlər, hakim Yeni Azərbaycanın Partiyasının, müxalif partiyaların irəli sürdüyü namizədlərin, o cümlədən öz təşəbbüsləri ilə namizəd olanların siyahısına nəzər yetirdikdə, kifayət qədər intellektual şəxslərin olduğunu görərik. Bu, yaxşı haldır. Hətta VI çağırışda deputatların müəyyən hissəsi vəziyyəti nəzərə alıb, geri çəkildilər, namizəd olmadılar. Ümid edirik ki, sentyabrın 1-də səsvermə nəticəsində formalaşan VII çağırış Milli Məclis daha uğurlu fəaliyyət ortaya qoyacaq, ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil edəcəklər”.

“AFN.AZ” xəbər portalının baş redaktoru Səbuhi Qafarov sorğuya qatılaraq bildirib ki, aktiv deputatların sayı barmaqla sayılacaq qədər azdır:

“Rəhmətlik Qənirə Paşayeva xanım deputat olduğu müddətdə öz dairəsində hətta öz dairəsindən də kənarda çox böyük işlər görərdi. Ölkənin 4 bir yanından ona müraciət edilirdi. O, heç birinə biganə yanaşmazdı. İstər öz dairəsi, istərsə də kənar dairələr, fərq etmirdi onun üçün. Hər kəsin probleminə diqqətlə yanaşırdı. Əsl millət vəkili idi, xalqın sözünü deyən idi. Parlamentdə olan jurnalistlər də təsdiqləyər ki, dəfələrlə ölkənin problemlərini parlament iclaslarında qaldırmışdı, onların həllinə çalışmışdı və bir neçəsinə də nail olmuşdu. Daha sonra 6-cı çağırışda seçilən Arzu Nağıyev ərazisi üzrə bir neçə problemlə məşğul olub. Bilirəm ki, öz seçicilərinə diqqətlə qayğıyla yanaşır. Ümumilikdə isə 125 deputatın 5-i ya işlədi, ya işləmədi, ümumilikdə çox azdı. Lakin ağlıma gələnlərdən bir neçəsini saya bilərəm.

Qüdrət Həsənquliyev haqqında deyə bilərəm ki, mütəmadi olaraq parlamentdə problemləri qaldırır. İstər qanunvericiliklə bağlı olsun, istər sosial problemlər olsun onlarla bağlı problemləri diqqətə çatdırdı. Əli Məsimli, Vahid Əhmədov də onlara edilən müraciətləri parlamentdə daim qaldırıblar və həllinə çalışıblar. Fazil Mustafa, Qüdrət Həsənquliyev də aktiv deputatlardır. Onlar da parlamentdə seçicilərin problemlərini və həlli istiqamətindəki nüansları aidiyyatı üzrə müxtəlif dövlət orqanlarına çatdırıblar. İnanın ki, bu sorğuda 125 deputatın 5 və ya 6 nəfərinin adını güclə çəkmək olur. Əgər sual versəydiniz ki, hansı deputatların fəaliyyətini görmədiniz, narazısınız, bu barədə saatlarla danışmaq olar. Çox az millət vəkili öz öhdəliyini yerinə yetirdiyi üçün adam düşünür ki, həqiqətənmi bu cür deputatların sayı azdır? Düşünəndə bir nəticəyə də gələ bilmirsən. Fikirləşirəm ki, hökumət də, xalq da bütün bunları görüb. Seçkilərdə həmin deputatlara səs verməyəcəyik. Parlamentdə yeni bir ruh gələcək”.

“Ulusal.az” informasiya portalının baş redaktoru Qoşqar Salmanlı Milli Məclisin ən aktiv deputatlarının adını açıqlayıb:

“VI çağırış Milli Məclisdə aktiv olan millət vəkillərinin çoxluq təşkil edirdi. Sözsüz, parlamentin bütün iclaslarında danışmayan “lal” deputatlar da var idi. VI çağırış Milli Məclisdə ən aktiv deputatlardan rəhmətlik Qənirə xanım Paşayevanı, Nəsib Məhəməliyevi, Cavanşir Feyziyevi, gənclərdən Jalə Əhmədovanı, Könül Nurullayevanı, Naqif Həmzəyevi qeyd etmək olar”.
AZXEBER.COM informasiya portalının baş redaktoru Hacıbəy Heydərli də aktiv deputatların adlarını açıqlayıb: 
“Düşünürəm ki, mediaya açıq deputatların sayı o qədər də çox deyil. Aktiv deputatlar siyahısında Naqif Həmzəyev, Vüqar İskəndərov, Pərvin Kərimzadə, Əli Hüseynli, Aqil Abbas, Arzu Nağıyev, Bəhruz Məhərrəmov, Ramil Həsən, Ceyhun Məmmədov, Fazil Mustafanı qeyd edə bilərəm”.

Mikayıl Mirzəzadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki