Varlı insanlar bisnezlərinə təhlükə yaratmayan, imkanlarını daha da artıran ölkələri seçir və orada məskunlaşırlar. SSRİ dağıldıqdan sonra Rusiyada oliqarxların sayı sürətlə artdı, onlardan bəziləri ölkədə qalaraq varidatlarını atırdılar, digərləri isə Avropa ölkələrinə məskunlaşaraq bizneslərini həmin ölkələrdən idarə etməyə başladılar. İndi bunu etmək çətindir. Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra Kreml oliqarxları nəzarətdə saxlamağa çalışır. Daha əvvəl gedənlər isə Rusiyaya qayıtmağa risq etmirlər. Kremlə yaxın oliqarxlar istisnadır. Rusiyalı oliqarx Roman Abramoviç bir ara Londonda məskunlaşmışdı, biznesini İngiltərə paytaxtından idarə edir, məşhur “Çelsi” futbol klubunun rəhbəri idi. Ancaq Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra ingilislər ondan seçim etməyi tələb etdilər, o ya Rusiyanın Ukraynaya qarşı işğalını pisləyərək Böyük Britaniyada yaşamağa və işləməyə davam etməli, ya da dostu Rusiya Prezidenti Vladimir Putinin siyasətinə səssiz qalmaqla Böyük Britaniya ərazisini tərk etməli idi. Roman Abramoviç ikincini seçdi, klubunu satdı, məkanını dəyişdi. Ancaq o Rusiyaya qayıtmadı, başqa xarici ölkələrdən birini seçdi.
Bu arada, Çini tərk edən varlı biznesmenlərin də sayı artıb. Son hesabata görə, 2024-cü ildə rekord sayda milyonerin Çini tərk edəcəyi gözlənilir ki, bu da Asiyanın böyük iqtisadiyyatına təsir edə bilər. Çin bu il ərzində minlərlə milyonçunu itirmək üzrədir. “Henley Private Wealth Migration Report 2024” adlı hesabata görə, daha yaxşı həyat axtaran varlı çinlilər üçün ənənəvi əsas istiqamətlər ABŞ, Kanada və Sinqapurdur. Ancaq son illərdə artan sayda varlı çinlilər Yaponiyanı da nəzərdən keçirirlər. Köçün səbəblərindən biri Çində daşınmaz əmlak bazarının üzləşdiyi böhrandır. Hesabata görə, “Çin yenidən qlobal miqyasda ən böyük milyonçu itirən ölkə olmaq yolundadır”. Ümumiyyətlə bu il dünyada 128 minə yaxın milyonerin köçməsi gözlənilir. 2023-cü ildə bu rəqəm 120 min nəfər idi. Milyonçuları cəlb edən əsas ölkələrdən biri Birləşmiş Ərəb Əmirlikləridir. Bu ölkə ABŞ-dan təxminən iki dəfə çox milyonçu cəlb etməyi bacarıb.
“Atlas” Araşdırmalar Mərkəzi