Bu gün ölkəmizdə cəmiyyətin inkişaf edən bütün sahələri kimi idman da öz yüksəliş dövrünü yaşayır. Yüksək səviyyəli idman infrastrukturunun yaradılması və olimpiya idman komplekslırinin inşa edilərək xalqımızın ixtiyarına verilməsi bunun təzahürüdür. Ölkə rəhbərliyi tərəfindən idmanın kütləviliyinin təminində böyük ugurlar əldə olunub. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafına yönəlmiş qərarların qəbulu, tədbirlərin reallaşması idman sahəsində ölkəmizin yüksək beynəlxalq nüfuz qazanmasına səbəb olub. Ölkəmizdə gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsi dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanıldığından bu sahənin inkişafı istiqamətində mühüm qərarlar verilir və sənədlər imzalanır.
Bu gün Azərbaycanda idman hərəkatı öz inkişaf dövrünü yaşayır. Dövlətin idmana olan qayğısı baxımından Azərbaycan dünyada öndə gedən ölkələr sırasındadır.
İyun ayının 1-də Bakıda növbəti böyük beynəlxalq idman yarışması – minifutbol üzrə dünya çempionatına yekun verulub. Dünya idman ictimaiyyəti və azarkeşlərin diqqətlə izlədiyi bu çempionatın final görüşündə Azərbaycan və Macarıstan yığmaları üz-üzə gəlib. Matç komandamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, komandamız tarixində ilk dəfə dünya çempionu titulinu qazanıb və bu öz növbəsində çox gözəl və tarixi nəticədir.
İyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib. Mərasindəki çıxışında ölkə başçısı idmançılarımızı təbrik edərək deyib: “Siz Azərbaycan xalqına yeni qələbə sevinci bəxş etmisiniz! Dünya çempionu olmaq böyük şərəfdir və böyük məharət tələb edir, xüsusilə komanda idman növündə. Bu, artıq gözəl tarixdir. Bu tarixi yazan da sizsiniz və şadam ki, Azərbaycanda minifutbol üzrə belə güclü oyunçularımız var”.
Azərbaycan idmançılarının mötəbər idman yarışlarında əldə etdikləri uğurlar bir daha sübut edir ki, həqiqətən də, Azərbaycanda idman sürətlə inkişaf edir. Ölkəmizin, ardıcıl olaraq beynəlxalq yarışlarda iştirakı və uğurlar qazanması beynəlxalq aləmin Azərbaycandakı idman hərəkatına olan diqqətini artırıb.
Görüş zamanı Prezident İlham Əliyev bildirib ki, “bu qələbə minifutbolun inkişafına növbəti təkan verəcək. Artıq Azərbaycan milli komandası bütün mümkün olan titulları qazanıb – Avropa çempionu, dünya çempionu. Əlbəttə ki, uşaqlar, yeniyetmələr, bax, bu qələbəyə sevinənlər – bizim gənc nəslimiz hesab edirəm ki, minifutbola daha böyük maraq göstərəcək və bu idman növünün inkişafı Azərbaycanda sürətlə gedəcək”.
Xüsusi olaraq qeyd edilib ki, milli komandamızın bütün üzvləri Azərbaycanda yetişdirilmiş gənclərdir. Bunun da xüsusi önəmi var. Bu gün Azərbaycan milli komandası sırf Azərbaycanda doğulmuş, boya-başa çatmış gənclərdən ibarətdir və bu da xüsusi qürur hissi oyadır.
Respublikamızın artan potensialı nəticəsində son illər Azərbaycan idmançıları bir çox yarışlarda uğurla iştirak etməsi onu göstərir ki, ölkəmiz dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutub.
Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər mühiti formalaşıb. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına geniş imkanlar açıb. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Qazanılan uğurlar, bir daha onu sübut edir ki, hər bir gənc ölkə qarşısında qoyulan böyük məqsədi və məsuliyyəti dərk edir.
Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru