Misirin Sohaq əyalətindəki Abidos rayonunda yerləşən Um-əl-Qaab arxeoloji məkanında fironların birinci sülaləsinin nüfuzlu kraliçası Meret-Neithin məzarında çalışan Misir-Almaniya-Avstriya arxeoloji missiyası yeni kəşfə imza atıb. Belə ki, nekropolda 5 min il əvvələ aid olan açılmamış şərab dolçaları tapılıb.
Vətəninfo.az xəbər verir ki, Misirin Qədim Əsərlər Ali Şurasının baş katibi Mustafa Vəziri arxeoloji missiyanın bir neçə qəbir əşyası, habelə yüzlərlə böyük şərab dolçası tapdığını, onlardan bəzilərinin tıxacları və 5 min illik şərabın yaxşı qorunan qalıqlarını ehtiva etdiyini söyləyib: “Divarlarda aşkar olunan qədim yazılar Meret-Neithin mərkəzi hökumət idarələrinə rəhbərlik etdiyini göstərir ki, bu da onun həmin dövrdə əhəmiyyətli rolu nəzəriyyəsini təsdiqləyir”.
Almaniya Arxeologiya İnstitutunun direktoru Ditrix Rau sözügedən mövzu ilə bağlı bildirib: “Meret-Neith Misirin Abidosdakı ilk kral qəbiristanlığında öz monumental məzarı olan yeganə qadındır və yəqin ki, dövrünün ən güclü şəxsiyyətlərindən biri olub. Son qazıntılar bu “unikal qadın və onun dövrü” haqqında yeni məlumatlar verib və Meret-Neithin antik Misirdə ilk qadın kraliça olması, beləliklə, 18-ci sülalədən olan Kraliça Hatşepsutdan əvvəl yaşaması ilə bağlı fikirlərin yaranmasına səbəb olub. Onun əsl kimliyi hələ sirr olaraq qalır”.
Arxeoloji missiyanın rəhbəri Kristina Köhlerin sözlərinə görə, Abidos səhrasında Meret-Neithin özünün, eləcə də 41 saray əyanının və qulluqçusunun məzarının daxil olduğu monumental türbə kompleksi bişməmiş çiy kərpicdən, palçıqdan və taxtadan tikilib. Ehtiyatla tətbiq edilən qazıntı metodları və yeni arxeoloji texnologiyalar vasitəsilə arxeoloji missiya qəbirlərin nisbətən uzun müddət ərzində və mərhələlərlə tikildiyini müəyyən edib.
“Bu müşahidə, digər sübutlarla birlikdə, birinci sülalədə insan qurbanı ayini ilə bağlı tez-tez gündəmə gələn, lakin sübut olunmamış fikirlərin ətrafında mübahisələri artırır” deyə arxeoloq bildirib.


























