image-8bfea804-3bc0-485f-a077-3121a5dde337backend

“MOSKVA GÖRÜŞÜ PUTİNİN GERİ ÇƏKİLDİYİNİ GÖSTƏRDİ” – “Təxribatlar davam edəcək…”

image-reklam_sirab_01

“Azərbaycan Prezidentinin soyuqqanlı və sərrast cavabları Paşinyanın obyektiv olmadığını sübut etdi”

Moskva görüşü başa çatdı və hər kəsdə bu görüşün nə ilə nəticələndiyi barədə sual yaranır: Moskvada konkret nəsə əldə olundumu?

Qeyd edək ki, üçtərəfli danışıqlar cəmi 20 dəqiqə çəkib və ortaq bəyanatsız yekunlaşıb. Tərəflər yalnız Baş nazir müavinlərinin iştirakı ilə kommunikasiya və sərhədlərin dəqiqləşdirilməsi üzrə işi qrupun iclasını keçirməyi razılaşdırıblar.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl xatırladır ki, Vaşinqton görüşündən sonra iki ölkə arasında sülh müqaviləsinin bağlanması yolunda “tərəqqi” olduğu barədə tərəflər, o cümlədən ABŞ Dövlət katibi Blinken bəyanat yaydı. Onun sözlərinə görə, Brüssel görüşündə də müzakirə predmeti sülh müqaviləsi oldu və Vaşinqtondakı tərəqqinin davamı kimi konkret olaraq Şarl Mişelin dilindən Ermənistan tərəfdən Azərbaycanın 86.6 min kv. km ərazisinin, Azərbaycanın da Ermənistanın 29.8 min kv.km-lik ərazisini tanıması bəyanatı ilə yekunlaşdı.

Təhlilçi əlavə edir ki, müharibə bitəndən bu günədək sülh müqaviləsinin imzalanmasına əvvəllər üstörtülü, son bir ayda isə açıq şəkildə etiraz edən Rusiyadan konstruktiv addım gözlənilmədiyi görüş ərəfəsində verilən bütün siyasi şərhlərdə öz əksini tapmışdı: “Məntiqlə isə Qərbin təşəbbüsünə qəzəb və qısqanclıqla yanaşan Kreml bu görüşdə sülh müqaviləsinin imzalanması üçün elə bir addım atmalıydı ki, Vaşinqton, Brüssel görüşləri kölgədə qalaydı və Rusiya əsas vasitəçi olduğunu daha konstruktiv mövqeyi ilə sübut edəydi. Moskva köhnə siyasətinə sadiq qaldığını sübut etdi. Yəni, 44 günlük müharibədən sonra nəqliyyat infrastrukturlarında maneənin aradan qaldırılması, delimitasiya, demarkasiya işləri kimi məsələlərin yenidən gündəmə gətirilməsi ilə zamanı uzatmaq siyasəti Moskva görüşünün mahiyyətini bir daha göstərdi”.

İlham İsmayıl hesab edir ki, eyni zamanda, Moskvanın bir addım geri çəkildiyi də müşahidə olundu. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin “iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanımasında prinsipial razılıq var” deməsi, məlum Valday çıxışından geri çəkilmə kimi dəyərləndirilməlidir: “Valdayda “Ermənistan Vaşinqton variantına razı olub Qarabağı Azərbaycanın tərkib hissəsi olmasına razıdırsa, biz də razı olacağıq” eyhamı açıq şantaj idi və nəticədə altı ay rəsmi danışıqlar dayandırıldı. Paşinyanın ərazi bütövlüyü ilə bağlı açıqlamaları, son mövqeyi Putini geri çəkilməyə məcbur etdi”.

İlham İsmayıl Moskva görüşündə heç bir sənədin imzalanmamasına diqqət çəkdi: “Ona görə də, sammit daha çox Azərbaycan Prezidenti ilə Ermənistan Baş naziri arasında söz atışması ilə yadda qaldı. Paşinyan həmişə olduğu kimi Laçın yolundakı nəzarət buraxılış məntəqəsinin yaranmasını “blokada” adlandırıb erməni xislətinə sadiq qalaraq “əzabkeş” obrazlarını yaratmaq istədi və kəkələyərək fikrini ifadə etməkdə çətinlik çəkdiyini nümayiş etdirdi. Azərbaycan Prezidentinin soyuqqanlı və sərrast cavabları isə Paşinyanın obyektiv olmadığını sübut etdi və masa arxasında əyləşən digər dövlət başçılarının üz ifadələrində bu cavablardan məmnun qaldıqları açıq hiss olundu. Bir həftədən sonra hər üç ölkənin baş nazirlərinin müavinləri simasında delimitasiya komissiyasının iclası olacağını Putin elan etdi və öz aləmində guya hansısa konkret nəticə əldə olunduğunu nümayiş etdirdi. Moskva görüşünü təbliğ edən rusiyalı politoloqlar görüş ərəfəsində məsələni elə şərh edirdilər ki, guya Moskvada prosesləri dəyişəcək bir sənəd imzalanacaq. Əslində isə Kreml topundan sərçəyə atəş açıldı.

Ümumiyyətlə, Moskvadakı görüşlərdə sülh müqaviləsindən başqa ikinci, üçüncü dərəcəli məsələlər daha çox müzakirə olundu, amma bu Qərbin sülh müqaviləsinin əldə olunması cəhdlərinin qarşısını ala bilməyəcək. Moskva görüşü barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda “ hesab edirik ki, razılaşma əldə olunacaq və bu istiqamətdə hər iki tərəfə təzyiqimizi davam etdirəcəyik” fikrinin yer alması, Qərbin bu prosesdə bir addım öndə olmasının göstəricisidir. Burada səslənən “ hər iki tərəfə təzyiq” ifadəsi isə Qərbin sülh müqaviləsinə nail olmaqda həm israrlı, həm də sərt mövqedə olduğunu aydın göstərir”.

Bir neçə gündən sonra Kişinyovda baş tutacaq görüşdə Qərbin bu mövqeyi özünü hansısa bir sənədin imzalanması ilə nəticələnə bilərmi?

Təhlilçi hesab edir ki, Kişinyov görüşü həm də Fransa Prezidenti Makronun Rusiya və İranın mövqeyi ilə indiyədək üst-üstə düşən siyasətinin də sonu olacağı ilə nəticələnəcək.

Onun sözlərinə görə, Kişinyovdakı görüşdə elə bir razılaşma əldə oluna bilər ki, iyulda Brüsseldə liderlərin iştirak ilə nəzərdə tutulan toplantıda konkret sənəd də imzalana bilər və bu sənədin sülh müqaviləsinin imzalanması təməlini qoyacağını proqnozlaşdırmaq olar.

“Rusiya belə bir vəziyyətdə əzəli siyasətinə sadiq qalıb dövlət sərhədində və Qarabağda təxribatlarını davam etdirəcək. Təxribatların miqyasının böyüməsi Qərbin təşəbbüsünə kölgə salmağa yönələcək. Azərbaycan preventiv siyasi-hərbi gedişləri ilə bu təxribatların artmasına imkan verməməlidir. Türkiyədə seçkilər başa çatandan sonra dost-qardaş ölkə ilə koordinasiyalı və təsir gücü olan diplomatik fəaliyyət sülh müqaviləsinin zaman məsafəsini tezləşdirə bilər” – deyə, İ.İsmayıl vurğulayıb.“AzPolitika.info”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki