Rusiya və ABŞ Ukraynanın iştirakı ilə üçtərəfli danışıqlar prosesini davam etdirmək barədə razılığa gəliblər.
Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Vladimir Putinin ABŞ nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerlə görüşünün yekunlarına dair açıqlamasında bildirib.
Uşakovun sözlərinə görə, görüş mənalı, konstruktiv və səmimi şəraitdə keçib, tərəflər bir sıra mühüm məsələləri müzakirə ediblər.
O qeyd edib ki, ABŞ nümayəndələri Putinin Konstantinovkada humanitar missiyanın təşkili ilə bağlı təklifini dəstəkləyiblər. Tərəflər bu təşəbbüsün həyata keçirilməsi üçün hazırlıq işlərinə dair təmaslara başlamaq barədə razılığa gəliblər.
Rusiya Prezidentinin köməkçisi bildirib ki, Moskva bu missiyanı şəhərdə faktiki nəzarətin kimdə olduğunu nümayiş etdirmək üçün imkan kimi qiymətləndirir. Putin, həmçinin ABŞ nümayəndələrinin diqqətini Kiyevin müzakirə etdiyi “boz zonalar” məsələsinə yönəldib.
Görüş zamanı Ukrayna Prezidenti Volodimir Zelenskinin mövqeyi və ABŞ Prezidenti Donald Tramp haqqında səsləndirdiyi fikirlər də müzakirə olunub. Uşakovun iddiasına görə, Kiyev münaqişənin başa çatmasında maraqlı deyil, çünki bu halda ölkədə seçkilərin keçirilməsi zərurəti yaranacaq.
Uşakovun sözlərinə görə, Moskva Vaşinqtonla Avropada yeni təhlükəsizlik arxitekturasının formalaşdırılması ilə bağlı təklifləri müzakirə etməyə hazır olduğunu da bildirib.
Bundan başqa, tərəflər hazırda mümkün olan ən böyük hərbi əsir mübadiləsinin parametrlərini razılaşdırırlar.
Rusiya Prezidentinin köməkçisi Çində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Rusiya, Çin və ABŞ liderlərinin üçtərəfli görüşü məsələsinin də fəal müzakirə olunduğunu qeyd edib.
Kreml ümid edir ki, Stiv Vitkoff və Cared Kuşner Putinlə görüş zamanı əldə olunan razılaşmaları və Moskvanın mövqeyini Ukrayna Prezidenti Volodimir Zelenskiyə çatdıracaqlar.


























