Rusiyanın Hidrometeorologiya Mərkəzi əlverişsiz hava şəraiti ilə əlaqədar Moskvada təhlükə səviyyəsini sondan əvvəlki “narıncı” səviyyəyə qaldırıb. Vətəninfo.az xəbər verir ki, bu barədə “İntefaks” məlumat yayıb.
Bazar ertəsi saat 18:00-dan çərşənbə günü 18:00-dək qüvvədə olan xəbərdarlıqda deyilir: “Güclü yağış yağacağı gözlənilir”.
“Narıncı” səviyyə havanın təhlükəli olduğunu, təbii fəlakətlərin və dağıntıların baş verməsi ehtimalını bildirir.
Bazar ertəsi saat 15:00-dan sonra və günün sonuna kimi paytaxtda şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. “Şimşək çaxacağı zaman küləyin 12-17 m/s sürətlə güclənəcəyi gözlənilir”.
Hakimiyyət Moskva sakinlərindən küçədə diqqətli olmalarını, ağacların altında gizlənməmələrini və onların yaxınlığında avtomobil saxlamamalarını xahiş edir.