Rusiyanın paytaxtı Moskvada yerləşən Vnukovo hava limanından Gəncə şəhərinə uçmalı olan reys 25 saatdır ki yubanır.
Vətəninfo.az xəbər verir ki, bu barədə Baku.ws-iə reyslə Azərbaycana gəlməli olan həmyerlilərimizdən biri məlumat verib.
O bildirib ki, “Utair” aviaşirkətinə məxsus, ötən gün saat 05:40-da havaya qalxmalı olan Moskva-Gəncə reysi 20 saata yaxın gecikib, daha sonra isə ləğv olunub. Hazırda sərnişinlər hava limanında qalırlar və onlara dəqiq məlumat verilmir:
“Bizə deyirlər ki, Gəncə sizi qəbul etmir. Ancaq bilirik ki, bu, yalan xəbərdir. Gəncə hava limanı ilə də danışdıq, oradan da deyildi ki, Moskva tərəfi sizi buraxmalıdır. Biz tərəfdən bir problem yoxdur. İndi də Vnukovodan deyirlər ki, təyyarədə problem var. Bizə burada pis rəftar edirlər, üstəlik heç bir nümayəndə suallarımızı cavablandırmır”, – deyə şikayətçi vurğulayıb.