Mossad-ın sabiq rəhbəri Yossi Koen bəyan edib ki, ölkənin gələcək baş naziri olmaq niyyətindədir. Vətəninfo.az xəbər verir ki, bu barədə o, avqustun 26-da yayımlanan Yasmin Lukatz Podcast verilişində danışıb.
Yossi Koen uzun illər Baş nazir Benyamin Netanyahunun yaxın silahdaşı olub. Netanyahu onu əvvəlcə özünün milli təhlükəsizlik müşaviri, daha sonra isə Mossad-ın rəhbəri təyin etmişdi. Mətbuatda Koen və Netanyahuya yaxın olan digər bir şəxs – Ron Dermer – baş nazirin mümkün varisləri kimi göstərilirlər.
İsrail-İran müharibəsindən əvvəl lentə alınmış müsahibədə Yossi Koen bildirib:
“Cəmiyyət ciddi şəkildə dəyişiklik tələb edir və bu dəyişiklik üçün mən baş nazir olmalıyam.”
Koen baş nazir postunu siyasi yox, liderlik vəzifəsi kimi dəyərləndirdiyini deyib:
“Mən bu vəzifəni siyasət kimi görmürəm. Bu, liderlik mövqeyidir və belə də təyin olunmalıdır.”
O, ölkənin mövcud problemlərinə toxunaraq qeyd edib:
“Pəncərədən baxanda nə görürsünüz? Nəqliyyat sıxlığında qalmış insanlar, təhlükəsizlik çatışmazlığı, cəmiyyətin parçalanması, həddindən artıq sıxlıq və yüksək həyat xərcləri. Cəmiyyətimiz parçalanıb, xüsusilə də 7 oktyabr hadisələrindən sonra.”
Xatırladaq ki, 7 oktyabr 2023-cü ildə HƏMAS tərəfindən həyata keçirilən hücum İsraildə genişmiqyaslı müharibənin başlanmasına səbəb olmuşdu.
Koen əlavə edib ki, seçki kampaniyası başladıqda onun təklif edəcəyi liderlik “birlik və təhlükəsizlik” prinsiplərinə əsaslanacaq.
Yossi Koen keçmişdə dəfələrlə siyasətə qoşulmaq ehtimalını gündəmə gətirib, lakin rəsmi olaraq siyasətə daxil olmayıb. Podkastda ondan birbaşa soruşulub ki, gələcək seçkilərdə namizədliyini irəli sürəcəkmi. Koen bu suala belə cavab verib:
“Əgər iştirak üçün yer olarsa, o zaman bu barədə düşünəcəyəm.”
Qeyd edək ki, 2024-cü ildə yeni sağ partiya yaratmaq planları ilə gündəmə gələn Yossi Koen sonda siyasətə girməməyə qərar verərək, Yaponiyanın nüfuzlu investisiya şirkəti SoftBankın İsrail üzrə əməliyyatlarının direktoru kimi fəaliyyətini daha iki il müddətinə uzatmışdı.