image-reklam-veteninfo
image-1backend

Natiq Cəfərli: Azərbaycanda hərbi xidmət sistemi Gürcüstan modelinə yaxınlaşdırıla bilər

image-reklam-veteninfo

İqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanda hərbi xidmət və ordu sistemində islahatların daha da dərinləşdirilməsinin vacibliyini bildirib.

Ekspert qeyd edib ki, bir neçə il əvvəl Gürcüstanda Türkiyənin iştirakı və məsləhətləri, eləcə də NATO proqramları çərçivəsində ordu sisteminin yenidən qurulmasına başlanılıb.

Onun sözlərinə görə, Gürcüstanda hərbi xidmətə çağırış yaşı 18-27 yaş aralığında müəyyənləşdirilib və vətəndaşlara xidmətin vaxtını müəyyən qədər seçmək imkanı verilib.

“Xidməti təxirə salmaq üçün rüşvətə və ya əlavə ödənişə ehtiyac yoxdur. Vətəndaş sadə yazılı müraciətlə həmin il deyil, növbəti il hərbi xidmətə gedəcəyini bildirə və bununla bağlı öhdəlik götürə bilər”, – deyə Cəfərli bildirib.

Ekspertin sözlərinə görə, Gürcüstanda hərbi xidmət üç istiqamətə bölünür və vətəndaş xidmət növünü seçə bilir. Döyüş hazırlığı bölmələrində xidmət müddəti 6 ay, digər nazirlik və dövlət qurumlarında, o cümlədən Daxili İşlər və Fövqəladə Hallar sistemində 8 ay, mütəxəssis və ya kiçik rütbəli komandir kimi xidmət isə 12 ay təşkil edir.

Natiq Cəfərli hərbi qulluqçulara ödənilən vəsaitlər barədə də məlumat verib:

  • 6 ay xidmət edənlərə ayda 530 lari;

  • 8 ay xidmət edənlərə ayda 600 lari;

  • 12 ay xidmət edənlərə isə ayda 1275-1530 lari ödənilir.

Onun sözlərinə görə, hərbi xidmətə könüllü müraciət edən şəxslərin ödənişləri 30 faiz artırılır.

Cəfərli hərbçilərin sosial və məişət şəraitinə də diqqət çəkib. Bildirib ki, Gürcüstanda əsgərlərin evlərindən 50 kilometr məsafədə xidmət keçməsi nəzərdə tutulur.

“Əsgərlər həftədə beş gün xidmət edirlər, şənbə və bazar günləri isə evlərinə gedə bilirlər. Xidmətdən kənar vaxtlarda mobil telefon və internetdən istifadəyə məhdudiyyət qoyulmur. Həftəsonu hərbi hissədə qalan əsgərlər asudə vaxtlarını idmanla məşğul olmaq, yemək yemək və internetdən istifadə etməklə keçirə bilirlər. Bundan başqa, hər bir əsgərin 10 günlük məzuniyyət hüququ da var”, – deyə ekspert qeyd edib.

İqtisadçı əlavə edib ki, hərbi xidmətə çağırılan şəxsin iş yeri onun üçün saxlanılır və bəzi hallarda işəgötürən tərəfindən əlavə bonus ödənilir.

Onun sözlərinə görə, Gürcüstanda əsgərlər 4-8 nəfərlik hostel tipli yaşayış yerlərində yerləşdirilir. Hərbi qulluqçuların qidalanması isə tender yolu ilə seçilən kənar şirkətlər tərəfindən təmin olunur və yeməklər “İsveç stolu” prinsipi ilə təqdim edilir.

Natiq Cəfərli hesab edir ki, Azərbaycan da hərbi xidmət sistemində bu kimi yanaşmaları nəzərdən keçirə bilər.

“Gürcüstan bu sistemə ölkə ərazisinin təxminən 20 faizinin işğal altında olduğu bir dövrdə keçib. Azərbaycan isə ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Bu baxımdan ordu islahatlarını daha rahat şəkildə həyata keçirmək mümkündür”, – deyə ekspert bildirib.

Cəfərli vurğulayıb ki, Azərbaycanda artıq müəyyən ordu islahatları həyata keçirilib, lakin bu proses daha da dərinləşdirilməlidir.

“Orduya ayrılan xərcləri azaltmaqla yanaşı, daha texnoloji və vətəndaş üçün rahat hərbi xidmət sisteminə keçmək mümkündür. Çağırış sistemi Gürcüstandakı modelə bənzər şəkildə qurula bilər. Əsgərin öz evinə yaxın ərazidə xidmət etməsi, müəyyən vəsaitlə təmin olunması və bir sıra digər sosial məsələlərin həlli vacibdir”, – deyə o bildirib.

Ekspert hesab edir ki, Azərbaycan Ordusu artıq Türkiyə və NATO standartlarına uyğunlaşma istiqamətində mühüm mərhələ keçib.

“Bizim qəhrəman Ordumuz artıq Türkiyə və NATO standartlarını mənimsəyib. Amma məişət məsələləri və əsgərə münasibət baxımından hələ də sovetdən qalma yanaşmalar mövcuddur. Bu sahələrdə də müasir standartlara keçmək lazımdır”, – Natiq Cəfərli əlavə edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki