Macarıstan NATO-dan alyansın ərazisindən kənarda hər hansı hərəkətin onun üzvləri üçün könüllü olduğuna dair zəmanət alıb.Vətəninfo.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Budapeştdə NATO-nun baş katibi Yens Stoltenberqlə apardığı danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, Macarıstan NATO-nun alyansın ərazisindən kənarda, ilk növbədə Ukraynada keçirdiyi hərbi əməliyyatlarda iştirak etmək istəmir.
“Bununla əlaqədar mən baş katibdən xahiş etdim ki, NATO ərazisinin hüdudlarından kənarda, NATO qaydalarına və ənənələrimizə əsaslanan istənilən hərbi əməliyyat yalnız könüllü ola bilər. Bu, bugünkü danışıqlarda baş katib tərəfindən təsdiqləndi və beləliklə, Macarıstan lazım olan təminatları aldı”, – Orban bildirib.
Stoltenberq öz növbəsində qeyd edib ki, NATO-nun iyulda Vaşinqtonda keçiriləcək sammiti zamanı üzv dövlətlər Ukraynaya uzunmüddətli hərbi dəstək və ukraynalı əsgərlərin təlimi məsələlərini müzakirə edəcəklər.
“Baş nazir Orban açıq şəkildə bildirib ki, Macarıstan NATO-nun bu səylərində iştirak etməyəcək və mən bu mövqeyi qəbul edirəm. Mən həm də şadam ki, bu gün baş nazirlə mən Macarıstanın Ukraynada NATO-nun dəstəyində iştirak etməməsi yolları barədə razılığa gəldik”, – Stoltenberq NATO-nun mətbuat xidmətindən sitat gətirib.
NATO baş katibinin sözlərinə görə, baş nazir Orban Macarıstanın bu səylərə qarşı çıxmayacağına, digər ölkələrin irəliləməsinə imkan verəcəyinə və NATO çərçivəsində üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirəcəyinə əmin edib.