Prezident İlham Əliyev 2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi məqsədilə Prezidentin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 1 milyon manat vəsait ayrılması barədə Sərəncam imzalayıb.
Dövlət büdcəsindən milyonlarla manat vəsaitin ayrıldığı bu layihə cəmiyyətdə və dövlət idarəçiliyində hansı rolu oynayır? Müsabiqəyə kimlər qatıla bilər və indiyədək qalib olan şəxslər hansı yüksək vəzifələrə gətiriliblər?
Vətəninfo.az “Yüksəliş” müsabiqəsi ilə bağlı əsas detalları və karyera yüksəlişi əldə edən qaliblərin dosyesini təqdim edir.
“Yüksəliş” müsabiqəsi nədir və niyə yaradılıb?
“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Layihənin əsas məqsədi ölkədə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxsləri üzə çıxarmaq, dəstəkləmək və dövlət idarəçiliyi üçün kadr ehtiyatı bankı yaratmaqdır. Müsabiqədə qeydiyyat bitənədək 21–51 yaş aralığında olan ali təhsilli, dövlət və ya özəl sektorda ən azı 2 il idarəetmə təcrübəsinin olan Azərbaycan vətəndaşları iştirak edə bilərlər.
Müsabiqə beynəlxalq insan resursları standartlarına (Assessment Center – Qiymətləndirmə Mərkəzi metodologiyasına) uyğun olaraq 5 mərhələdə keçirilir. Burada əzbərçilik deyil, analitik düşüncə, böhran anında qərarvermə və komanda işi yoxlanılır. Xüsusi nəzarət (proktorinq) sistemi altında namizədlərin tarix, coğrafiya, qanunvericilik üzrə dünyagörüşü, eləcə də verbal, rəqəmsal və abstrakt məntiq qabiliyyətləri test edilir. İştirakçılara real iş mühitində yarana biləcək böhran və münaqişə ssenariləri təqdim olunur, onların emosional zəkası və idarəetmə üslubu ölçülür. 8-10 nəfərlik masalar ətrafında əyləşən namizədlərə mürəkkəb iqtisadi və sosial problemlərin (biznes-keyslərin) həlli tapşırılır. Peşəkar ekspertlər iştirakçıların komanda daxilində liderlik, kommunikasiya və ortaq məxrəcə gəlmək bacarıqlarını qiymətləndirirlər.
Hər mövsümdə 20 nəfər qalib elan olunur. Onlar 20 min manat pul mükafatı alırlar. Ölkənin nazirlərindən, komitə sədrlərindən və iri şirkət rəhbərlərindən birbaşa fərdi təcrübə öyrənmək imkanı əldə edir, kadr ehtiyatı bankına daxil edilirlər. Rəsmi kadr bazasına düşərək dövlət qurumlarında yüksək vəzifələrə təyinat almaq şansı qazanırlar.
Rəsmi statistikaya görə, müsabiqə qaliblərinin 70 faizindən çoxu 1–2 il ərzində dövlət qurumlarında və ya iri şirkətlərdə daha yüksək vəzifələrə irəli çəkilir. Onların arasında icra başçısı, departament direktoru və şöbə müdiri postlarına təyinat alanlar var.
Ötən müsabiqədən sonra yüksək vəzifəyə gətirilən qaliblərin siyahısı da bəllidir:
Elvin Paşayev (1-ci müsabiqənin qalibi) — Əvvəlcə Kənd Təsərrüfatı Nazirliyində şöbə müdiri, daha sonra Prezidentin Sərəncamı ilə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub;
Nərgiz Balakişiyeva (1-ci müsabiqə) — Gənclər və İdman Nazirliyində şöbə müdiri;
Ziya Məmmədov (1-ci müsabiqə) — ƏƏSMN tabeliyindəki Dövlət Məşğulluq Agentliyində departament müdiri;
Tural Məmmədov (1-ci müsabiqə) — İqtisadiyyat Nazirliyində şöbə müdiri;
Orxan Məmmədov (2-ci müsabiqə) — RİNN tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində departament rəhbəri;
Cəmilə İsmayılova (2-ci müsabiqə) — Azərbaycan Mərkəzi Bankında departament direktorunun müavini;
Rəşad Əliyev (2-ci müsabiqə) — Dövlət Vergi Xidmətində baş idarə rəisinin müavini;
Fərid Məmmədov (2-ci müsabiqə) — Azərbaycan İnvestisiya Holdinqində (AİH) aparatda rəhbər vəzifə;
Kamran Qasımov (3-cü müsabiqə) — SOCAR-ın baş ofisində departament rəisi;
Aynur Əliyeva (3-cü müsabiqə) — DOST Agentliyində mərkəz direktorunun müavini;
Təbriz Əmmayev (3-cü müsabiqə) — Elm və Təhsil Nazirliyində şöbə müdiri;
Emin Hüseynov (3-cü müsabiqə) — Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) departament direktoru;
Sənan Rəhimov (4-cü müsabiqə) — İqtisadi Zonaların İnkişafı Agentliyində şöbə müdiri.
Bundan başqa, özəl sektorda çalışan qaliblərdən Nihad Mansurov, Vüsalə Qurbanova və Rüfət Əhmədov kimi kadrlar “PASHA Holding”, “Azerconnect” və “ABB” kimi iri qurumlarda direktor və vitse-prezident səviyyəsinə yüksəliblər.
2027-ci ildə keçiriləcək növbəti mövsüm üçün ayrılan 1 milyon manatlıq vəsait isə müsabiqənin təşkilati-texniki hazırlıq işlərinin və seçim mərhələlərinin təmin edilməsinə yönəldiləcək.Musavat.com


























