ABŞ prezidenti Donald Trampın İranla münaqişənin başa çatdığına dair ziddiyyətli açıqlamalarına baxmayaraq, iki ölkə arasında məhdudmiqyaslı və əsasən ictimaiyyətdən gizli saxlanılan hərbi qarşıdurma davam edir.
Vətəninfo.az xəbər verir ki, bu barədə NBC News telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, ABŞ ordusu İrana qarşı gizli hərbi zərbələr endirir, Tehran isə bu hücumlara, demək olar ki, hər gün cavab verir. Pentaqon həyata keçirilən əməliyyatların əksəriyyətini, xüsusilə də son iki ay ərzində baş verən hücumları ictimaiyyətə açıqlamayıb.
Məlumata əsasən, İran Hörmüz boğazında kommersiya neft tankerlərini, ABŞ hərbi gəmilərini və Amerika hərbi obyektlərini hədəfə alıb. ABŞ qüvvələri isə əsasən İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumların qarşısını almağa çalışıb.
Bununla yanaşı, bəzi hallarda ABŞ hərbi aviasiyası İranın raket buraxılış qurğularına da zərbələr endirib.
Beləliklə, tərəflərin münaqişənin başa çatması ilə bağlı açıqlamalarına baxmayaraq, bölgədə hərbi gərginliyin davam etdiyi bildirilir.


























