Slovakiyanın baş naziri Robert Fiko Rusiya ilə Ukrayna arasında İstanbulda başlayan birbaşa danışıqların müəyyən nəticələrə gətirib çıxaracağına ümid etdiyini bildirib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Slovakiyanın baş naziri “İrəvan dialoqu” konfransında çıxışı zamanı deyib.
“Ukraynadakı müharibə günahsız insanların iztirablarına səbəb olub, tədarük zəncirlərini pozaraq milyonlarla insana təsir edib.Aydındır ki, nə Ukrayna, nə də Rusiya döyüş meydanında hərbi üstünlüyə nail ola bilmir, bu münaqişənin hərbi yolla həlli də yoxdur.
Biz ABŞ Prezidenti Donald Trampın 30 günlük atəşkəs, ardınca isə münaqişə tərəfləri arasında sülh danışıqlarının aparılması təşəbbüsünü dəstəkləyirik. Ümid edirik ki, Rusiya ilə Ukrayna arasında İstanbulda başlayan birbaşa danışıqlar müəyyən nəticələrə gətirib çıxaracaq. Ukrayna bizim qonşumuzdur, ona görə də biz müstəqil, suveren və iqtisadi cəhətdən inkişaf etmiş qonşumuz olmasını istəyirik. “Bu, bizim həyati marağımızdır” deyə Robert Fiko bildirib.
Onun sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsi başlayandan bəri Slovakiya Ukrayna tərəfinə 3,5 milyard avro məbləğində irimiqyaslı yardım edib.
“Ukrayna istəsə, biz onun Avropaya inteqrasiyasına töhfə verəcəyik”, – Slovakiyanın baş naziri bildirib.