İsrailin Baş naziri Benyamin Netanyahu ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Danışıq oktyabrın 6-da, Netanyahunun təşəbbüsü ilə həyata keçirilib.
Vətəninfo.az xəbər verir ki, söhbətin əsas mövzusu Qəzza zolağındakı vəziyyət və ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü sülh təşəbbüsü olub.
Məlumata görə, Netanyahu telefon danışığı zamanı Putini qarşıdan gələn doğum günü münasibətilə təbrik edib (7 oktyabrda Vladimir Putinin 73 yaşı tamam olur – red.).
Rusiya prezidenti də öz növbəsində Netanyahuya və İsrail xalqına milli bayram – Sukkot münasibətilə təbriklərini çatdırıb.
Qeyd edək ki, daha əvvəl yayılan məlumata əsasən, Qəzzadakı HƏMAS qruplaşması ABŞ-ın vasitəçiliyi ilə irəli sürülmüş sülh təşəbbüsünə ilkin razılıq verib. Artıq Misirin Sina yarımadasında tərəflər arasında birinci raund danışıqlar baş tutub.
Danışıqların davam etdiriləcəyi və bölgədəki vəziyyətin sabitləşdirilməsinə yönəlik səylərin artırılacağı gözlənilir.