Vətəninfo.az xəbər verir ki, iyulun 26-da Nigerdə hakimiyyəti ələ keçirən hərbi xunta Lamine Zeineni baş nazir təyin edib.
Ölkəsində tanınmış iqtisadçı olan 58 yaşlı Zeine 2002-2010-cu illərdə maliyyə naziri vəzifəsində işləyib.
Zeine ən son Afrika İnkişaf Bankının Çad nümayəndəsi vəzifəsində olub.
Bu arada, ABŞ dövlət katibinin birinci müavini vəzifəsini icra edən Viktoriya Nuland Nigerə səfər edib.
Nuland Nigerdə ölkə prezidentini hakimiyyətdən uzaqlaşdıran hərbçilərin nümayəndələri ilə görüşüb.
Nuland jurnalistlərə bildirib ki, danışıqlar çox səmimi və bəzən çətin keçib.
O, əlavə edib ki, hərbçilər onun devrilmiş prezident Mohamed Bazum ilə görüşünü rədd ediblər. Nulandın əsas həmsöhbəti Nigerin yeni müdafiə naziri olub.
Nuland Nigerlə münasibətlərin təhlükə altında olduğunu açıq şəkildə ifadə etsə də, üsyançılar ABŞ-ın demokratik nizamı bərpa etmək çağırışına da soyuq yanaşıblar.
Fransada olan Nigerin Baş naziri Ouhoumoudou Mahamadou xunta rəhbərliyinin Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) ilə dialoq qurmaq istədiyini söyləyib.
Qeyd edək ki, Nigerdə 26 iyul hərbi çevrilişindən sonra ECOWAS xuntaya 7 gün müddət verib.
ECOWAS-ın hərbi xuntaya verdiyi bir həftəlik müddət avqustun 7-si gecə yarısı başa çatıb.
Avqustun 6-da prezident Məhəmməd Bazumun azad edilərək öz vəzifəsinə qayıdacağı, əks halda hərbi əməliyyat başlayacağı elan edilib.
Lakin müddətin başa çatmasına baxmayaraq, heç bir hərbi əməliyyata başlanılmayıb.


























