Sentyabrın 8-də Nigeriyanın mərkəzində yanacaq daşıyan tanker sərnişin və mal-qara daşıyan digər yük maşını ilə toqquşub. Toqquşma nəticəsində törədilən partlayışda azı 48 nəfər həlak olub. Vətəninfo.az xəbər verir ki , bu barədə “Reuters” agentliyi məlumat yayıb.Yanğın daha bir neçə avtomobilə də keçib. Nigeriyanın dövlət neft şirkəti keçən həftə benzinin qiymətini ən azı 39% qaldırıb. Son bir ildə ikinci dəfədir ki, belə böyük qiymət artımı baş verir. Nigeriyanın böyük şəhərlərində yanacaq çatışmazlığı səbəbindən sürücülər saatlarla növbəyə durmalı olurlar. Öz növbəsində, CNN bildirir ki, yüklərin daşınması üçün səmərəli dəmir yolu sistemi olmadığından Nigeriyanın əsas magistral yollarında faciəli yük maşını qəzaları tez-tez baş verir. Statistikaya görə, təkcə 2020-ci ildə benzin tankerlərinin iştirakı ilə 1531 qəza baş verib, nəticədə 535 nəfər ölüb, 1142 nəfər xəsarət alıb.