image-reklam-veteninfo
image-1backend

Nyu-Yorkda 15 minə yaxın tibb bacısı tətilə başladı

image-reklam-veteninfo

Amerika mediasının yaydığı məlumata görə, Nyu-York Dövlət Tibb Bacıları Assosiasiyası (NYSNA) əmək müqaviləsi danışıqlarında yaranan fikir ayrılıqları səbəbindən üç böyük xəstəxanada çalışan təxminən 15 min tibb bacısının tətilə qoşulduğunu açıqlayıb.

Məlumata görə, tibb bacıları səhər saatlarından etibarən Mount Sinai Xəstəxanasında və ona bitişik iki kampusda, həmçinin Nyu-York-Presbiterian Xəstəxanasında və Montefiore Tibb Mərkəzində işlərini dayandırıblar.

Tətil eyni vaxtda bir neçə xəstəxananı əhatə etsə də, hər bir tibb müəssisəsi həmkarlar ittifaqı ilə ayrı-ayrılıqda danışıqlar aparıb. Şəhərdə yerləşən bəzi xəstəxanalar isə son günlərdə razılaşma əldə edərək tətilin qarşısını alıblar.

Xəstəxana rəhbərlikləri tətil dövründə tibbi xidmətlərdə yarana biləcək fasilələri minimuma endirmək məqsədilə müvəqqəti tibb bacılarının işə cəlb ediləcəyini bildiriblər.

Qrip mövsümünün pik dövrünə təsadüf edən tətilin səhiyyə sistemində ciddi pozuntulara səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar ifadə olunur. Bildirilir ki, bəzi xəstəxanalar xəstələri digər tibb müəssisələrinə yönləndirir, planlı prosedurları ləğv edir və ya təcili yardım xidmətlərini alternativ mərkəzlərə istiqamətləndirir.

Mütəxəssislər qeyd edirlər ki, tətil mübahisədə iştirak etməyən şəhər xəstəxanalarına da əlavə təzyiq göstərə bilər.

Tibb bacılarının tələbləri xəstəxanalar üzrə fərqlənsə də, əsas problemlər kadr çatışmazlığı və iş yerində təhlükəsizliklə bağlıdır. Həmkarlar ittifaqı tibb bacılarının həddindən artıq iş yükü altında çalışdığını iddia edir və xəstəxanalarda süni intellektin istifadəsinə məhdudiyyətlərin tətbiqini tələb edir. Eyni zamanda, iş yerlərində daha sərt təhlükəsizlik tədbirlərinin görülməsi də əsas tələblər sırasındadır.

Danışıqlarda iştirak edən xəstəxanalar isə kadr çatışmazlığının aradan qaldırılması istiqamətində addımlar atdıqlarını, lakin həmkarlar ittifaqının tələblərinin çox vaxt yüksək olduğunu bildirirlər.

Qeyd edək ki, Nyu-York şəhərində tibb bacılarının son böyük tətili 2023-cü ildə Mount Sinai Xəstəxanasında və Montefiore Tibb Mərkəzində baş vermişdi. Həmin tətil üç il ərzində əməkhaqlarının 19 faiz artırılmasını nəzərdə tutan razılaşma ilə yekunlaşmışdı.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki