Qırğızıstan parlamenti Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi sazişini təsdiqləyib.
Vətəninfo.az xəbər verir ki, Qırğızıstan parlamentinin spikeri Nurlanbek Şakiyevin sədrliyi ilə keçirilən 90 yerlik Parlament Baş Assambleyasında Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi sazişi ilə bağlı qanun layihəsi müzakirə edilib.
Parlamentdə Nəqliyyat və kommunikasiyalar nazirinin müavini İrisbek Bariyev çıxış edərək deyib: “Qanun layihəsi Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi layihəsinin praktiki icrasına başlanılmasına imkan verəcək. Layihə ilə Cənub-Şərqi, Qərbi Asiya və Yaxın Şərq ölkələrinin bazarına çıxış təmin olunacaq. Bu marşrut Çindən Qırğızıstana, eləcə də Orta Asiya və Yaxın Şərq ölkələrinə malların daşınmasına şərait yaradacaq, Türkiyə də daxil olmaqla, Avropa İttifaqına (Aİ) çatdırılmasını təmin edəcək”.
Deputat Gulya Kojokulova Qırğızıstan iqtisadiyyatının inkişafına müsbət təsir göstərəcək qanun layihəsini dəstəklədiklərini bildirib.
Çıxışlardan sonra – iyunun 6-da Çinin paytaxtı Pekində Çin, Qırğızıstan və Özbəkistan hökumətləri arasında imzalanan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi sazişi ilə bağlı qanun layihəsi qəbul edilib.
Orta Asiyada “Əsrin layihəsi” hesab edilən və Çin ilə Orta Asiyanı Avropaya birləşdirəcək layihənin 2024-cü ilin sonunda başlayacağı bildirilib.