image-9backend

Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu öz işinə başladı – Daşkənddə

image-reklam_sirab_01

Azərbaycan Gənclər Fondunun dəstəyi, “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi və Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu öz işinə başlayıb.

Yenicag.az xəbər verir ki, forumda iştirak üçün Azərbaycandan Özbəkistana səfərə gedən layihə rəhbəri, “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Aqil Ələsgər, Azərbaycan Milli Məclisinin deputatı Naqif Həmzəyev, Azərbaycan Gənclər Fondunun nümayəndələri Emil Yusifov və Zaur Osmanov, “Vətəninfo” saytının baş redaktoru Nahid Canbaxışlı, eləcə də Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri Nahib Bədəlov və Famil Məmmədov öncə ulu öndər Heydər Əliyevin Daşkənddəki abidəsini ziyarət ediblər.

Nümayəndə heyəti Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev ilə görüşüb. Səmimi şəraitdə keçən söhbətdə H.Quliyev forumun Azərbaycan və Özbəkistan üçün mühüm əhəmiyyətinə diqqət çəkib və forum iştirakçılarına uğurlar arzulayıb.

Sonra isə nümayəndə heyəti Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzini ziyarət edib, orada Azərbaycanla bağlı mədəni fəaliyyətlərlə tanış olublar. Mərkəzin sədr əvəzi Nadir Əlimirzəyev qonaqları mədəniyyət mərkəzinin fəaliyyəti ilə tanış edib.

Daha sonra Özbəkistan Həmkarlar İttifaqında Xuseyn Elmatovun təşkilatçılığı ilə Özbəkistanın ictimaiyyət nümayəndələri və media rəhbərləri ilə forumun nümayəndə heyəti arasında geniş görüş keçirilib. Görüşdə Azərbaycan-Özbəkistan qarşılıqlı media əlaqələri, ekoloji problemlərin həlli ilə bağlı müzakirələr aparılıb.

Sonda iştirakçılar xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, forum işini Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində davam etdirəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki