Panama prezidenti Xose Raul Mulino ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın etirazından sonra Amerika gəmilərinin Panama kanalından keçməsi üçün rüsumları azaltmaq fikrində olmadığını açıqlayıb. Vətəninfo.az xəbər verir ki , bu barədə EFE agentliyi məlumat yayıb.
“Mənim cavabım yox… Qiymətləri nə prezidentlərin şıltaqlığı, nə də kanal rəhbərliyi təyin edir. Bu, açıq, ictimai prosesdir”, – Mulino bildirib.
Panama prezidenti vurğulayıb ki, Trampın 2025-ci ilin yanvarında inauqurasiyasından sonra onunla qeyri-qanuni immiqrasiyaya qarşı birgə mübarizə kimi məsələləri müzakirə etməyə hazır olacaq. Mulino eyni zamanda vurğulayıb ki, Vaşinqton Panama kanalı üzərində nəzarəti bərqərar etməkdə uğur qazana bilməyəcək.
“Hüquqi və siyasi reallığın nəzərdən keçirilməsini müzakirə etmək variantı yoxdur” deyən Mulino kanalın Panamaya aid olduğunu əlavə edib.
Dekabrın 22-də Tramp özünün “Truth” sosial şəbəkəsində bəyan edib ki, ABŞ Panama kanalından mövcud istifadə şərtlərinə baxılmadığı təqdirdə ona nəzarətin qaytarılmasını tələb edə bilər. O, kanaldan istifadə üçün tələb olunan yüksək tarifləri tənqid edib və 1999-cu ildə kanala nəzarətin verilməsinin digər ölkələrə güzəştdən çox “əməkdaşlıq jesti” olduğunu vurğulayıb və Panama hakimiyyətini öz siyasətinə yenidən baxmağa çağırıb.
Mulino Trampın “Panama kanalının hər metri Panamaya məxsusdur” bəyanatından sonra da bildirib.
Dekabrın 25-də isə Milad təbrikində Tramp Çin əsgərlərinin Panama kanalında fəaliyyət göstərdiyini qeyd edib.
Trampın bəyanatına cavab verən Mulino dekabrın 26-da bildirib ki, Çinin Panama kanalına heç bir müdaxiləsi yoxdur.
“Kanalda nə Çin, nə də başqa qüvvələr yoxdur. Əgər o ərazidə çinli varsa, onlar kruiz gəmisindədirlər və ya turistlər mərkəzində turist kimi dayanırlar… Amma yenə də deyirəm, Çinin Panama ilə bağlı heç bir müdaxiləsi və ya iştirakı yoxdur Bunlar geosiyasi qorxular ola bilər”, – Mulino bildirib.
1914-cü ildə istifadəyə verilən Panama kanalı ABŞ tərəfindən tikilib və onun nəzarətində olub. 1977-ci ildə Torrixos-Karter müqaviləsi kanalın mərhələli şəkildə Panamaya köçürülməsini müəyyən etdi və 1999-cu ildə tamamlandı. Həmin müqavilə kanalın neytrallığını və dünya ticarəti üçün əlçatan olmasını təmin edirdi. Bu gün kanal dünya iqtisadiyyatı üçün həyati əhəmiyyətli marşrut və ABŞ-ın maraqlarının əsas obyektlərindən biri olaraq qalır.