Vatikan Dövləti başçısı və katoliklərin ruhani lideri Papa Fransiskin Qəzzada uşaqların öldürülməsini sərt bir dillə tənqid etməsi İsrailin narazılığına səbəb olub.
Vətəninfo.az xəbər verir ki , İsrail Qəzzada uşaqların bombalanmasını zülm adlandıran Papanı ikili standart tətbiq etməkdə günahlandırıb. Papa Vatikan hökumət üzvlərinə müraciətində “Qüds patriarxının Qəzzaya girişi söz verilməsinə baxmayaraq əngəlləndi. Uşaqlar bombalandı. Bu bir müharibə deyil, bu bir zülmdür” ifadələrini işlədib və “Bunu deməliyəm, çünki məni təsirləndirir” deyə əlavə edib.
İsrail Xarici İşlər Nazirliyinin sözçüsü bu sözlərlə bağlı açıqlamasında “Artıq yetər. Yəhudi dövləti və xalqı davamlı olaraq hədəf alınır” deyərək Papaya ikili standart tətbiq etmək ittihamını irəli sürüb.
Cümə günü Qəzzanın şimalında baş verən bir İsrail hava hücumu nəticəsində ölənlərin eyni ailədən 10 nəfər və onlardan yeddisinin uşaq olduğu bildirilmişdi.
Papa Fransisk İsrailin Qəzzadakı hücumlarının başladığı 7 oktyabr 2023-cü ildən bu yana sülh çağırışları edərkən son həftələrdə İsrailin hücumlarına dair açıqlamalarında daha sərt bir dil istifadə etməyə başlayıb.