image-reklam-veteninfo
image-1backend

Paşinyan jurnalistlə qarşı-qarşıya gəldi: Təhqir etdi, məhkəmə ilə hədələdi

image-reklam-veteninfo

Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistin Qarabağ və hərbi itkilərlə bağlı sualına sərt reaksiya verib. Brifinq zamanı jurnalisti təhqir edən hökumət başçısı ona qarşı məhkəməyə müraciət etmək üçün səbəb tapacağını da bildirib.

Vətəninfo.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, insident Nikol Paşinyanın Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi brifinq zamanı baş verib.

Belə ki, jurnalist Ripsime Cebecyan baş nazirə Qarabağ məsələsi ilə bağlı müxalifət nümayəndələrinə və sadə vətəndaşlara ünvanlanan “Bəs siz niyə döyüşərək ölmədiniz?” sualını xatırladıb.

Jurnalist eyni zamanda Paşinyanın və onun tərəfdarlarının özlərinin hərbi xidmətdə olub-olmaması məsələsini gündəmə gətirib. O, baş nazirin ictimai çıxışlarında tez-tez şəxsi təhqir və hədələrə yol verdiyini, hüquq-mühafizə orqanlarının isə bu hallara münasibətdə susduğunu bildirib. Cebecyan adi vətəndaşların fikirlərinə görə məhkəmə iddiaları ilə üzləşdiyi halda, hakimiyyət nümayəndələrinin davranışlarına fərqli yanaşıldığını vurğulayıb.

Paşinyan jurnalistin sualına cavabında onu və digər şəxsləri “Yerablur” hərbi məzarlığını siyasi məqsədlər üçün istifadə etməkdə ittiham edib.

“Bunu açıq deyirəm: şəxsən siz, “Güclü Ermənistan” və digər şəxslər Yerabluru siyasi və ictimai alver predmetinə çevirmisiniz. Bu yolda siz iyrəncsiniz – sizin üçün Yerablur sadəcə alver predmetidir. Yerabluru alver predmetinə çevirən hər kəsi məhv edəcəyəm. Siz iyrəncsiniz”, – deyə Ermənistanın baş naziri bildirib.

Bundan sonra jurnalist şəxsi təhqirlərə görə məhkəməyə müraciət edəcəyini açıqlayıb.

Paşinyan isə buna cavab olaraq jurnalistə qarşı da məhkəmə iddiası qaldırmaq üçün səbəblər tapacağını deyib.

“Buyurun. Yaxşı bəhanədir. Mən də sizə qarşı məhkəməyə müraciət etmək üçün bəhanələr tapacağam. Məhkəmədə görüşərik”, – deyə baş nazir brifinqdəki çıxışını yekunlaşdırıb.

Hadisə Ermənistan baş nazirinin jurnalistin sualına verdiyi sərt reaksiya və tərəflər arasında məhkəmə mübahisəsi ehtimalı ilə diqqət çəkib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki