Peşəkar Qənnadçılar İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən ənənəvi “Çay Festivalı” bu il də böyük maraq və izdihamla yadda qaldı. Tədbir həm Bakı şəhər sakinləri, həm də xarici qonaqlar tərəfindən böyük maraqla qarşılanaraq Azərbaycanın zəngin çay mədəniyyətini və qonaqpərvərlik ənənələrini özündə əks etdirən möhtəşəm bir mədəni hadisəyə çevrildi.
Festival çərçivəsində Azərbaycan çayının tarixi, onun mədəniyyətimizdə və gündəlik həyatımızda tutduğu mühüm yer, eləcə də Lənkəran–Astara bölgəsinin çayçılıq ənənələri haqqında geniş təqdimatlar keçirildi. Tədbirdə qonaqlar müxtəlif bölgələrə məxsus çay növlərini dadaraq onların ətir, ləzzət və hazırlanma fərqlərini yaxından tanımaq imkanı əldə etdilər.
Festivalda milli musiqi nömrələri, sənətkarlıq nümunələrinin sərgisi və “Azərbaycan çayı və qənnadçılıq mədəniyyəti” mövzusunda interaktiv təqdimatlar keçirilib. Tədbir iştirakçılarına və qonaqlara xüsusi hədiyyə dəstləri, şirniyyat nümunələri və çay çeşidləri təqdim olunub.
Peşəkar Qənnadçılar İctimai Birliyinin sədri Eynur Nağdəliyev çıxışında qeyd edib ki, bu kimi festivallar Azərbaycanın milli dəyərlərinin, mətbəx və qida mədəniyyətinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır. O, ölkəmizin çayçılıq ənənəsinin beynəlxalq səviyyədə tanıdılması üçün bu tədbirlərin davamlı olaraq keçiriləcəyini vurğulayıb.
“Çay Festivalı” öz mədəni zənginliyi, interaktiv proqramı və milli ruhu ilə həm yerli ictimaiyyət, həm də xarici qonaqlar üçün unudulmaz təəssüratlar yaradıb. Festival bir daha göstərdi ki, Azərbaycan çayı – sadəcə içki deyil, mədəniyyət və qonaqpərvərlik rəmzidir.


























