Peşəkar Qənnadçılar İctimai Birliyi (PQİB) üzvlərini, tərəfdaş qurumların nümayəndələrini və dəyərli qonaqları bir araya toplayaraq ilin yekun hesabat iclasını uğurla keçirib.
Tədbir zamanı birliyin ötən il ərzində həyata keçirdiyi layihələr, sosial təşəbbüslər, beynəlxalq və yerli tədbirlər, həmçinin təlim və seminarlar geniş şəkildə təqdim olunub. Qısa müddətdə fəaliyyətə başlamasına baxmayaraq, PQİB-in əldə etdiyi çoxsaylı nailiyyətlər ölkədə qənnadçılıq sənətinin inkişafına verdiyi töhfələrin miqyasını bir daha göstərib.
Hesabat iclasının əsas istiqamətləri:
Qənnadçılıq üzrə ixtisasartırma və peşəkar təlim proqramlarının təşkili
Sosial və maarifləndirici təşəbbüslərin həyata keçirilməsi
Gənc mütəxəssislərin və tələbələrin sahəyə cəlbi
Milli kulinariya irsinin təbliği və yeni qənnadçılıq texnologiyalarının tətbiqi
Çıxışlarda qeyd olundu ki, Peşəkar Qənnadçılar İctimai Birliyi artıq ölkə daxilində qənnadçılıq sahəsində yenilik, ixtisaslaşma və peşəkarlığın təşviqində mühüm platformaya çevrilib.
Dəyərli qonaqların çıxışları tədbirə xüsusi rəng qatdı:
Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti, Əməkdar Mədəniyyət işçisi Tahir Əmiraslanov – kulinariya sahəsinin ölkə iqtisadiyyatı və turizmində mühüm yer tutduğunu vurğulayaraq, Peşəkar Qənnadçılar İctimai Birliyinin bu istiqamətdə gördüyü işlərin əhəmiyyətini qeyd etdi.
Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev – gənclərin qənnadçılıq sahəsində peşəkarlıq səviyyəsinin artırılmasının vacibliyini, təlim və mentorluq proqramlarının gənclərin inkişafına verdiyi töhfəni diqqətə çatdırdı.
Qida Təhlükəsizliyi Hərəkatı İctimai Birliyinin rəhbəri Məhsəti Hüseynova – qida təhlükəsizliyinin milli mətbəximizin əsas dayaqlarından biri olduğunu, sağlam və keyfiyyətli istehsalın təmin olunmasında qənnadçıların məsuliyyətinin böyük rol oynadığını vurğuladı.
🎓 Mədəniyyət və Turizm Peşə Məktəbinin meneceri Həmid müəllim – peşə təhsili və praktiki hazırlığın gənc qənnadçıların formalaşmasında mühüm əhəmiyyət daşıdığını qeyd etdi.
“Fəxri üzv” titulları və yeni sertifikatlar təqdim edildi
İclasın ən yadda qalan hissələrindən biri qənnadçılıq sənətinin inkişafında uzun illər fəaliyyət göstərmiş ustalara “FƏXRİ ÜZV” adının təqdim olunması olub. Onların illərlə göstərdikləri səylər, milli qənnadçılıq ənənələrinin yaşadılması və gənc nəslə ötürülməsi sahəsində gördükləri işlər böyük rəğbətlə qarşılanıb.
Bununla yanaşı, birliyə yeni üzv olan gənc qənnadçılara sertifikatlar təqdim edilib, onların gələcək fəaliyyətlərində uğurlar arzulanıb. Tədbir sonda 2026-cı il üçün yeni layihə planlarının təqdimatı və qarşıdakı dövrdə birliyin beynəlxalq əməkdaşlıq istiqamətlərinin müzakirəsi ilə başa çatıb.
Beləliklə, Peşəkar Qənnadçılar İctimai Birliyi bir daha göstərdi ki, Azərbaycan qənnadçılıq sənətinin inkişafı, gənclərin peşəkar yetişdirilməsi və milli irsin qorunması istiqamətində önəmli missiya daşıyır.


























