“Mən heç vaxt infarkt keçirməmişəm, təzyiqdən əziyyət çəkməmişəm, bir sözlə, haqqımda yazılanların hamısı yalandır”.
Vətəninfo.az xəbər verir ki, bunu “Novoye-Vremya” saytına müsahibəsində Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deyib.
O, səhhəti ilə bağlı yayılan xəbəri təkzib edib: “Təbii ki, artıq 18 yaşı olmayan hər bir insan kimi mən də bəzi xəstəliklərlə üzləşə bilərəm, amma xoşbəxtlikdən bu saxtakar məlumatların mənə aidiyyatı yoxdur. Mən yalnız güman edə bilərəm ki, belə vicdansız şəkildə bu dezinformasiya yayanlar məşhurlaşmağa və ya məşhur adamların hesabına pul qazanmağa çalışırlar.
Bu, çox təhlükəli tendensiyadır, çünki söhbət insanların sağlamlığından gedir. Bu yaxınlarda isə səsimi saxtalaşdırdılar… II Şuşa Qlobal Media Forumunda da dezinformasiyalar müzakirə olundu və cənab Prezident İlham Əliyev də bu mövzuya diqqət yetirdi. Həqiqətən də, informasiya kütlələrə təsir etmək üçün çox böyük gücə malikdir və əgər o, dağıdıcı qüvvə daşıyırsa və ya dezinformasiyadırsa, ondan istifadənin hansı nəticələrə səbəb ola biləcəyini təsəvvür edin”.
Səfir Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərindən də danışıb: “Parlament seçkilərinin keçirilməsi hər bir dövlətin, xalqın həyatında çox ciddi və məsuliyyətli hadisədir. Təbii ki, ruhum ora çəkilib.
Şuşalılar məni parlamentdə öz nümayəndəsi seçsələr, onların etimadını doğrultmaq üçün hər şeyi edəcəyəm. Şuşadən deputat olmaq böyük şərəfdir. Bütün bu 30 il ərzində mədəniyyətimizin beşiyi olan Şuşanı geri qaytaracağımızı xəyal edirdik və buna nail olduq. Bu gün bizim əsas vəzifəmiz Qarabağın inkişafı, çiçəklənməsi üçün hər şeyi etməkdir”./unikal