image-reklam-veteninfo
image-1backend

Polşada Kreml agenti olan  ukraynalı gənc saxlanıldı

image-reklam-veteninfo

Polşada 17 yaşlı ukraynalı yeniyetmə, Varşava və Kiyev arasındakı münasibətləri gərginləşdirmək məqsədilə Rusiya xüsusi xidmətlərinin tapşırığı ilə müxtəlif təxribatlar törətməkdə şübhəli bilinərək saxlanılıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.

Polşanın Daxili İşlər və Administrasiya Nazirliyinin rəsmi nümayəndəsi Yacek Dobjinski bildirib ki, yeniyetmə Vrotslav, Varşava və Domostava qəsəbəsində binaların və abidələrin üzərinə “banderovçu bayraqları və nasist ideologiyasını təbliğ edən şüarlar” yapışdırıb.

Dobjinski qeyd edib ki, gənc ötən həftə Volın faciəsi abidəsinə ukrayncada “Ukrayna Müqavimət Ordusuna (UPA) şan” yazılı banderovçu bayrağı çəkib.

Hazırda şübhəli şəxsə qarşı cinayət işi aparılır.

Eyni zamanda polis iki başqa 17 yaşlı ukraynalını da saxlayıb. İstintaq materiallarına əsasən, onlar da Volın faciəsi qurbanlarına həsr olunmuş abidələrin və binaların fasadlarına Stepan Banderanın bayraqları və şüarları yerləşdiriblər.

Polşanın baş naziri Donald Tusk isə bildirib ki, saxlanılan şəxs düşmənçilik ruhunda yazılar yazmaq, abidələrə təhqiredici təsvirlər çəkmək və onları dağıtmağa cəhd göstərmək kimi sabotajlarda ittiham olunur.

Baş nazir əlavə edib ki, həmin ukraynalı xarici xüsusi xidmətlər tərəfindən ələ keçirilib.

Tusk həmçinin vurğulayıb ki, Rusiya tərəfi Polşada ukraynalılar və belarusluları sabotaj fəaliyyəti üçün ələ almaqda davam edir. Onun sözlərinə görə, belə əməliyyatların məqsədi yalnız sabitliyi pozmaq deyil, həm də polyaklarla ukraynalılar arasında qarşıdurma yaratmaqdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki