Polşa Daxili İşlər nazirinin müavini Vieslav Şçepanski hökumət təhlükəsizlik mərkəzində müxtəlif departamentlərin nümayəndələri ilə təcili brifinqdən sonra jurnalistlərə bildirib ki , qışın əvvəlindən bəri Polşada şiddətli soyuqlar səbəbindən ən azı 92 nəfər ölüb.
Vətəninfo.az xəbər verir ki, o, ölkənin şərqindəki vəziyyətin çətin ola biləcəyi barədə xəbərdarlıq edib.
“Suvalkidə gecə temperaturu -29°C-yə düşə bilər, daha sonra isə temperatur -36-dan -38°C-yə çata bilər”, – deyə o bildirib. Şçepanski əlavə edib ki, qışın əvvəlindən bəri hipotermiyadan ən azı 38 nəfər ölüb, daha 54 nəfər isə dəm qazından zəhərlənib.
Təxminən 8600 polis əməkdaşı da daxil olmaqla təcili yardım xidmətləri soyuqdan sığınacaq axtaran insanları tərk edilmiş binalarda, zibil qutularında və kanalizasiya quyularında axtarır. Şəhərlərdə sığınacaqlar yaradılıb və qatar stansiyaları sığınacaq təmin etmək üçün gecəni açıq saxlayır.


























