Polşanın cənubundakı Mesko silah zavodunda güclü partlayış baş verib. 59 yaşlı işçi həlak olub, 1 nəfər yaralanıb. Euronews xəbər verir ki, strateji əhəmiyyətli müəssisə Skarzysko-Kamienna şəhərində yerləşir.
RMF FM radiostansiyası xəbər verir ki, partlayış raket yanacağı mərkəzində baş verib. Partlayışdan sonra başlayan yanğın söndürülüb. Zavodun rəhbəri Elżbieta Śreniawska radiostansiyaya müsahibəsində deyib: “Bizdə bir neçə il əvvəl istifadəyə verilmiş raket yanacağı mərkəzində partlayış oldu. Müasir mərkəz olduğu üçün orada hər şeyə nəzarət olunur”.
Polşa mediası bildirib ki, zavod Ukraynaya da tədarük edilən tanklar üçün daşınan “Piorun” yer-hava raket kompleksləri və döyüş sursatları istehsal edir.
Polşada son həftələrdə infrastruktur obyektlərində bir neçə böyük yanğın baş verib. Bir neçə nəfər təxribat törətməkdə şübhəli bilinərək saxlanılıb. Polşa hakimiyyətinin fikrincə, onların hərəkətlərinin arxasında Rusiya təhlükəsizlik xidmətləri dayana bilər.