Braziliya Federal Polisi yanvarda hücumun hazırlanması barədə məlumatlar ortaya çıxdıqdan sonra ölkə prezidenti Luis İnasiu Lula da Silvaya qarşı sui-qəsd cəhdinin araşdırılmasına başlayıb.
Bu barədə yerli “Terra” nəşri məlumat yayıb.
Qeyd olunur ki, prezidentin həyatına təhlükə olması barədə polisə məlumat yanvarın əvvəlində daxil olub. Məktubda bildirilib ki, hələ də şəxsiyyəti müəyyən edilməmiş sui-qəsdçilər Lula da Silva və Braziliya Federal Ali Məhkəməsinin hakimi Aleşandri di Moraysa qarşı sui-qəsd etmək istəyiblər.
“CNN Brasil” telekanalının məlumatına görə, polis sui-qəsdin təşkilatçılarının partlayıcı maddələr, qumbaralar və Amerika istehsalı olan Barrett M82 tüfənglərindən istifadə etməyi planlaşdırdığını hesab edir. Ölkə hökuməti Lula da Silva və di Moraysın həyatına təhlükənin tam aradan qaldırılıb-qaldırılmadığını açıqlamayıb.