Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya humanitar yardım göstərilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, 2025-ci il üzrə Azərbaycan Prezidentinin ehtiyat fondundan Energetika Nazirliyinə 2 milyon ABŞ dolları məbləğində vəsait ayrılıb.
Yardım çərçivəsində bu vəsait yerli istehsal olan elektrik avadanlıqlarının satın alınması və Ukraynaya göndərilməsi üçün istifadə olunacaq. Məqsəd – Ukraynaya humanitar dəstəyin göstərilməsidir.
Maliyyə Nazirliyinə ayrılmış məbləğin maliyyələşdirilməsini təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, Azərbaycan və Ukrayna arasında münasibətlər dostluq və tərəfdaşlıq prinsipləri əsasında formalaşıb. İki ölkə arasında 16 mart 2000-ci il tarixli “Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında Müqavilə”, 22 may 2008-ci il tarixli “Dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə”, həmçinin 14 yanvar 2022-ci il tarixli “Azərbaycan və Ukrayna prezidentlərinin birgə bəyannaməsi” mövcuddur.
Azərbaycanın Ukraynaya göstərdiyi bu növbəti yardım iki ölkə arasında strateji tərəfdaşlığın və humanitar əməkdaşlığın davamı kimi qiymətləndirilir.