image-reklam-veteninfo
image-1backend

Prezidentin Nyu-York səfəri ölkəmizin beynəlxalq nüfuzunun bariz təzahürüdür

image-reklam-veteninfo

Sentyabrın 22-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 80-ci sessiyası öz işinə başlayıb. 150-dən çox dövlət və hökumət başçısı iştirak etdiyi BMT Baş Assambleyasının yubiley sessiyası dünya ölkələrini bir araya gətirərək, beynəlxalq ictimaiyyətin qarşısında duran sülh, təhlükəsizlik, davamlı inkişaf və iqlim dəyişikliyi kimi həyati məsələlərin müzakirəsinə imkan yaratdı.

Prezident İlham Əliyevin sentyabrın 22-də Nyu-Yorka işgüzar səfəri ölkəmizin beynəlxalq nüfuzunun və artan marağın bariz təzahürü kimi diqqət çəkir. Dünyanın alternativ investisiyalar sahəsində ən böyük idarəedici şirkətlərindən olan “Brookfield Asset Management”, “Neuberger Berman” və “Blackstone” kimi maliyyə nəhənglərinin rəhbərləri ilə keçirilən görüşlər təsadüfi deyil. Bu görüşlərin qarşı tərəfin müraciəti əsasında reallaşması Azərbaycanın iqtisadi imkanlarına, strateji mövqeyinə və sabit inkişafına göstərilən marağın açıq göstəricisi kimi qiymətləndirilə bilər.

BMT Baş Assambleyası çərçivəsində keçirilən bütün görüşlərin eyni qaydada – məhz qarşı tərəfin təşəbbüsü ilə baş tutması isə Azərbaycanın beynəlxalq müstəvidə artan roluna və Prezident İlham Əliyevin liderliyinə olan hörmətin göstəricisidir. Bu fakt Azərbaycanın artıq təkcə regionda deyil, qlobal miqyasda da etibarlı tərəfdaş kimi qəbul olunduğunu sübut edir.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 80-ci yubiley sessiyasında Prezident İlham Əliyev deyib ki: “Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam”.

Bildirib ki, otuz ilə yaxın müddətdə Azərbaycanın suveren ərazisinin təqribən iyirmi faizi Ermənistanın hərbi işğalı altında qaldı. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətlər nəticəsində bir milyon azərbaycanlı öz yurd-yuvasından didərgin salındı. Bununla da onların fundamental insan hüquqları kobud şəkildə pozuldu. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olundu. Təəssüf ki, bu qətnamələr heç vaxt icra edilmədi. Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən heç bir sanksiyaya məruz qalmadığı üçün qətnamələrə nümayişkaranə şəkildə məhəl qoymadı.

44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad etdi, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi. 2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü. “Azərbaycan Zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı həmçinin Ermənistanla sülh danışıqları ilə bağlı fikirlərini bölüşüb. Dövlətimizin başçısı deyib ki, biz beynəlxalq hüquqa əsaslanan beş təməl prinsipi irəli sürdük, sülh müqaviləsi layihəsini təqdim etdik. Daha sonra layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi”.

Dövlət başçımızın Nyu-Yorka işgüzar səfəri həm ikitərəfli görüşlərin əhatə dairəsi, həm də beynəlxalq tribuna olan BMT Baş Assambleyasında planlaşdırılan çıxışı ilə beynəlxalq ictimaiyyətin diqqətindədir. Bu səfərin ən mühüm məqamlarından biri isə Prezidentin dünyanın aparıcı maliyyə qurumlarının rəhbərləri ilə keçirdiyi yüksək səviyyəli görüşlərdir.

Prezident İlham Əliyevin Nyu-York səfəri təkcə görüşlərin zənginliyi ilə deyil, həm də Azərbaycanın beynəlxalq müstəvidə artan çəkisini bir daha nümayiş etdirməsi ilə yadda qalır. Bu, ölkəmizin qlobal siyasi və iqtisadi proseslərdə söz sahibinə çevrildiyinin növbəti təsdiqidir.

Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki