image-d15d2f23-8b4f-3e40-ac91-60e48a6d22a1backend

“Prezidentin sədrliyi ilə keçirilən müşavirə həm də postmüharibə dövrünün birillik hesabatı idi”– Foto

image-reklam_sirab_01

“Aprelin 12-də Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə həm də postmüharibə dövrünün bir illik hesabatı idi. Müşavirə zamanı Prezident İlham Əliyev son üç ay da daxil olmaqla postmüharibə dövrünün reallıqlarını həm ölkə daxilində həyata keçirilən sosial-iqtisadi layihələr, ümumi inkişafımız kontekstində, həm də xarici siyasət və regional münasibətlər kontekstində kompleks olaraq təqdim edib”.

Bu fikirləri Veteninfo.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu və düşünülmüş siyasət nəticəsində aparıcı beynəlxalq təşkilatlar, dünya və region ölkələri Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallığı qəbul edirlər:

“Bu, özlüyündə olduqca mühüm məsələdir. Çünki “Böyük qayıdış”, ərazilərimizin yenidən bərpası və regionumuzda sülhün bərqərar olması məsələsi həm də beynəlxalq aləmin baş verən proseslərə münasibəti ilə xeyli dərəcədə əlaqədardır. Ona görə də Prezident İlham Əliyev ilk növbədə dünyanın ən böyük beynəlxalq təşkilatı olan BMT-nin davranışlarına diqqət çəkərək onun Şuşada keçirdiyi tədbiri yüksək qiymətləndirib. BMT-Azərbaycan münasibətlərinə, xüsusilə Şuşada təşkil edilən birgə tədbirə ermənilərin reaksiyasını isterik adlandırdı. Beynəlxalq təşkilatların postmüharibə reallıqlarını qəbul etmələri kontekstində daha sonra Qoşulmama Hərəkatının, İslam Əməkdaşlığı Təşkilatının, ATƏT-in və nəhayət Avropa İttifaqının münasibətini müsbət xarakterizə etdi. Bu, özlüyündə şübhəsiz ki, Azərbaycanın xarici siyasətinin müharibə dövründə olduğu kimi postmüharibə dövründə də strateji uğuru kimi qiymətləndirilməlidir”.

Deputat bildirib ki, Azərbaycanın beynəlxalq nüfuzu və gücü sayəsində artıq yeni reallığın dünya tərəfindən qəbul edilməsi tarixi-strateji uğurdur:

“Toplantıda beynəlxalq məsələlərə toxunan Prezident İlham Əliyev bir məsələni də xüsusi vurğuladı ki, ATƏT-in Minsk qrupu de-fakto etibarsızdır, qeyri-funksionaldır. Yəni, fəaliyyət göstərdiyi 28 il müddətində sıfır nəticə göstərdiyi kimi bu gün də faktiki olaraq fəaliyyətsizdir. Çünki onun fəaliyyətinin predmeti artıq yoxdur. Ona görə də Prezident İlham Əliyev ATƏT-ə maraqlı çağırış edərək bildirdi ki, bu təşkilat ictimai diplomatiyanı canlandıraraq regionda etimad mühitinin yaradılması ilə məşğul ola bilər. Vətəndaş cəmiyyəti institutları, media və s. vasitəsilə bu istiqamətdə müəyyən işlər görmək mümkün ola bilər”.

H.Babaoğlu əlavə edib ki, Prezident müşavirədə çıxışında milli yaddaşımıza tarixi çağırış edib:

“Həmin çağırış bu gün və gələcək üçün də olduqca vacibdir. Biz işğalı, Xocalını unutmamalı, daima güclü olmalı, hər cür risklərə həmişə hazır olmalıyıq. Bu kontekstə Prezident İlham Əliyev dərhal ölkəmizdə ordu quruculuğu məsələlərinə toxunaraq Hadrutda yaradılan Komando birliklərinə və xüsusi təyinatlıların formalaşdırılmasına diqqəti çəkərək Azərbaycan ordusunun daima güclü olmasının vacibliyini qeyd etdi. Əslində bu fikirlər bundan sonra Azərbaycanda milli ordu modelinin necə olmasına da bir növ istiqamət vermiş oldu. Ordumuz professional hərbi kadrlardan komplektləşdirilərək Türkiyə ordusu modelində güclü bir ordu olacaq”.

“Prezidentin toxunduğu növbəti blokda isə postmüharibə iqtisadiyyatı və onun əsas istiqamətləri öz əksini tapdı ki, bu da regionumuzda sülhün və rifahın, Azərbaycanın gələcək inkişafının iqtisadi paradiqmalarını özündə ehtiva edirdi. Növbəti istiqamət isə regional kommunikasiyaların açılması, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın üzərinə götürdüyü öhdəliyi dərhal yerinə yetirməsi ilə bağlı idi. Əgər üçtərəfli razılaşmanın tələblərindən biri pozulacaqsa yəni, Qərbi Zəngəzurdan keçməklə Naxçıvan və Türkiyəyə bütün növ kommunikasiyalar açılmayacaqsa Azərbaycan üçtərəfli razılaşmanın bəndlərinin birinin Ermənistan tərəfindən etibarsızlaşdırıldığını irəli sürərək bütün bəndləri etibarsız hesab edə bilər. Bu, Ermənistana sonuncu ciddi xəbərdarlıq kimi də qiymətləndirilə bilər”, – deputat əlavə edib.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə ölkədaxili və xarici çağırışlar kontekstində mühüm bir hadisə kimi yadda qalıb.
image-07e884fa-6d22-3c89-a559-9e720dbbf436 image-23f27bc2-9d53-37f2-9e65-7a3c1dd73b55_850


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki