Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 2-də YAP-ın VIII qurultayında səsləndirdiyi bəzi sərt fikirlər Türkiyə sosial mediasında Azərbaycana münasibətlə bağlı müzakirələri yenidən alovlandırıb. Prezidentin çıxışında Türkiyənin adı çəkilməsə də, bəzi çevrələr açıqlamaları Ankara ilə əlaqələndirib. Bu fonda sosial şəbəkələrdə iki ölkə münasibətləri ətrafında ziddiyyətli fikirlər səslənir.

Bəs Bakı ilə Ankara arasında yüksək səviyyəli siyasi əlaqələr davam etdiyi halda, sosial mediada niyə fərqli mənzərə yaranır? Bu prosesdə xarici informasiya şəbəkələrinin təsiri varmı?

Məsələ ilə bağlı Ekologiya.az-a açıqlama verən deputat Cavanşir Feyziyev bildirib:

“Yeni Azərbaycan Partiyasının 8-ci qurultayında Prezident İlham Əliyevin Azərbaycanın 1993-cü ildən bəri keçdiyi tarixi inkişaf yolu ilə bağlı səsləndirdiyi fikirlər həmin dövrlə bağlı obyektiv reallığı əks etdirir. Prezidentin çıxışında heç bir ölkənin adı çəkilmir, keçmiş hadisələr dünyanın Azərbaycana münasibətdə sərgiləmiş olduğu münasibətlər kontekstində izah olunur. Bu izahı düzgün oxumaq və anlamaq üçün bir neçə məqama diqqət yetirmək lazımdır.

Birincisi, Prezident öz mesajlarını xaricə yox, ölkənin daxili auditoriyasına ünvanlayır. Çünki ölkə ictimaiyyətinin hansısa bir məqamda pərdə arxasında baş verən hadisələrdən xəbərdar olması vətəndaşlar tərəfindən milli maraqlarımızın anlaşılmasına, müəyyənləşdirilməsinə və qorunmasına yardımçı olur.

İkincisi, Prezidentin səsləndirdiyi bu və ya digər açıqlamaların hansı ölkə və ya hansı şəxslərlə bağlı olduğunu anlamaq üçün həmin dövrün dəqiq tarixini və baş vermiş hadisələrin tam və doğru məzmunu bilmək lazımdır. Bu isə adi vətəndaşlar üçün o qədər də asan məsələ deyil. Çünki beynəlxalq səviyyədə dövlət rəsmiləri və qurumları arasında aparılan danışıqların, əldə olunan sövdələşmələrin və s. mətni heç vaxt tam şəkildə açıqlanmır”.

Deputatın sözlərinə görə, pərdə arxasında aparılan diskussiyalar, razılaşmalar və narazılıqlar yalnız həmin təmasların iştirakçılarına məlum olur. Odur ki, bu açıqlamaların kimə və hara mesaj olduğunu ilk növbədə həmin görüşlərin və danışıqların iştirakçıları bilirlər. Sıradan bir qəzetçinin, fəhlənin, mühəndisin, ictimai fəalın və digərlərinin bu məsələlərdə qəti fikir söyləmək iddiası sadəcə avamlıq və nadanlıq əlamətidir.

Millət vəkili qeyd edib ki, ictimaiyyətin təmsilçiləri yalnız öz ehtimallarını irəli sürə bilərlər. Amma hətta ehtimal irəli sürmək üçün də ən azından o illərin hadisələrini, baş vermiş hadisələrlə bağlı müxtəlif ölkələr tərəfindən o zamanlarda və sonralar verilmiş açıqlamaları, bəyanatları izləmək, mümkün sənədlərlə tanış olmaq və daha sonra hansısa bir nəticə çıxarmaq lazımdır.

Türkiyə məsələsinə toxunan Cavanşir Feyziyev əlavə edib:

“Hazırda Türkiyənin bir sıra mətbuat orqanlarında Prezident tərəfindən səsləndirilmiş fikirlərin Türkiyə ilə bağlı olduğunu bəyan edənlər çox dərin yanılırlar.

Digər tərəfdən, bu mesajların Türkiyəyə ünvanlandığını iddia edənlər dolayısı ilə həmin dövrdə Türkiyənin guya Azərbaycan dövlətinə qarşı fəaliyyət apardığını təsdiq etmiş olurlar. Bu isə həqiqətə uyğun deyil. Həmin dövrdə Türkiyənin siyasi, iqtisadi, hərbi və s. imkanları bu günkündən məhdud ola bilərdi. Amma bütün bunlara baxmayaraq Türkiyə qardaş Azərbaycana qarşı hər hansı addım ata bilməzdi və atmayıb da. Əksinə, elə həmin dövrdə də və sonrakı illərdə də dünya miqyasında Azərbaycanı dəstəkləyən, onun müstəqilliyinin qorunub saxlanmasına səy göstərən yeganə dövlət məhz Türkiyə olub. Bu sadəcə ehtimal deyil, həm Türkiyədə, həm də Azərbaycanda hər kəsə bəlli olan bir həqiqətdir. 30 ildən çox müddət ərzində Azərbaycanla Türkiyə arasında qarşılıqlı münasibətlərin və fəaliyyətlərin məzmunundan irəli gələn qəti qənaət və tarixi faktdır. Bütün bunları bildiyimiz halda Türkiyənin bəzi media vasitələrində qaldırılan hay-küyün haradan və kimdən qaynaqlandığını da ehtimal etmək asanlaşır”.

Deputatın fikrincə, Türkiyə mediasında anti-Azərbaycan ritorikasını qaldıranlar məhz prezidentin mesajlarının ünvanlandığı ölkələrin Türkiyədə çalışdırdığı  5-ci kolon təmsilçiləridir. Həmin şəxslər nə Türkiyəyə, nə də Azərbaycana xidmət edir. Onlar bu tapşırığı məhz mesajların ünvanlandığı ölkələrin xüsusi xidmət orqanlarından alıblar və Türkiyə-Azərbaycan münasibətlərini zədələmək istiqamətində öz işlərini görürlər.

Biz isə buna yol verməməliyik.

“Əlbəttə, mən artıq ünvanlardan birini dedim. Bu ünvan ilk növbədə Azərbaycan ictimaiyyətidir. Hər bir Azərbaycanlı öz tariximizi dəqiq bilməlidir. Ona görə də prezident yeri gəldikcə bir sıra tarixi həqiqətləri açıqlayır”, — deyə deputat əlavə edib.

“İkinci ünvan hələ 1980-ci illərin sonundan etibarən erməniləri Azərbaycan torpaqlarını işğal etməyə həvəsləndirmiş, təlimatlandırmış, lazımi silah-sursatla təmin etmiş və hətta öz silahlı qüvvələri ilə Qarabağ ərazisinin işğalına hərbi dəstək göstərmiş Rusiyadır. Rusiya tərəfindən Ermənistana dəyəri milyardlarla ölçülən silah-sursatın pulsuz verildiyi halda həmin silah-sursatın Azərbaycana ikiqat qiymətə satıldığı da məlum faktdır. Burada onu xatırlamaq kifayətdir ki, bu faktların hələ o zamanlar Rusiya generalı Roxlin tərəfindən ifşa və bəyan edilməsi ona həyatı bahasına başa gəlmişdi.

Üçüncü ünvan həmin illərdə sözdə müstəqilliyimizi və ərazi bütövlüyümüzü dəstəklədiyini bəyan edərək pərdə arxasında torpaqlarımızın işğalına yardım edən, Azərbaycanı hələ də öz protektoratında görməyə cəhd göstərən, bizə guya “həyat tərzi” öyrətməyə iddialı olan İran İslam Respublikasının dini-mühafizəkar idarəçilik strukturlarıdır. İran 30 il ərzində erməni işğalını dəstəkləməklə Azərbaycanı itaətə sövq etməyə çalışıb və bu gün də hakimiyyətin verdiyi bəyanatlarla əməlləri arasında diametral fərq var. İran hakimiyyətinin mühafizəkar qanadının Ermənistan -Azərbaycan münasibətlərinin normallaşmasına törətdiyi əngəllər, Zəngəzur dəhlizi ilə bağlı irəli sürülən əsassız iddialar, Azərbaycan-İsrail münasibətlərini şərləmək cəhdləri,  ölkəmizdə şəbəkələndirdiyi 5-ci kolon vasitəsilə dünyəvi həyat tərzinə qarşı apardığı mübarizə İranın Azərbaycana qarşı apardığı hibrid təhdidlərdir. Düşünürəm ki, Prezidentin çıxışının bəzi məqamları məhz İranın davranışı ilə üst-üstə düşür.

Dördüncü ünvan 80-ci illərin sonu və 90-cı illərin əvvəllərində torpaqlarımızın ermənilər tərəfindən işğalına açıq və gizli şəkildə siyasi-mənəvi dəstək verən Avropadır. Bunu anlamaq üçün hərbi cinayətkar Robert Koçaryanın Avropa Parlamenti tərəfindən ayaq üstündə alqışlanmasını, bütün işğal dövründə erməni diasporunun vəsaitləri hesabına Azərbaycana qarşı davamlı olaraq qarayaxma kampaniyalarının təşkil olunmasını xatırlamaq kifayətdir.

Nəhayət, beşinci ünvan ərazilərimizin xarici qüvvələr tərəfindən  işğal olunduğu dəqiq bilindiyi halda 1992-ci ildə “Azadlığa Dəstək Aktına” 907-ci düzəlişi etməklə ölkəmizi hərbi yardımdan və hərbi əməkdaşlıqdan məhrum etmiş ABŞ Konqresidir”, — deyə millət vəkili ətraflı izah edib.

O, sonda vurğulayıb ki,  mümkün ünvanlar arasında Türkiyənin adı yoxdur və ola da bilməz. Öz qənaətlərimi əsaslandırmaq üçün kifayət qədər arqumentlərim var. Amma onları bir müsahibə çərçivəsində şərh etmək sadəcə mümkün deyil.