ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Rusiya Ukraynadakı münaqişənin bitməsini istəmir. Vətəninfo.az xəbər verir ki, bu barədə o, Ağ Evdə Argentina prezidenti Xavyer Milli ilə görüşü zamanı jurnalistlərə açıqlama verib.
“Rusiya prezidenti Vladimir Putinlə çox yaxşı münasibətim var. Amma o, sadəcə olaraq, bu müharibəni bitirmək istəmir”, – jurnalistlərlə söhbətin videoyazısını Forbes Breaking News yayıb.
Tramp hesab edir ki, Rusiya bunu istəsə, böhranı tez bir zamanda aradan qaldıra bilər. ABŞ prezidenti həmçinin bəyan edib ki, heç kim Ukraynanın Rusiya ilə 4 il vuruşa biləcəyini düşünmürdü. Trampın sözlərinə görə, Rusiya çox ağır itkilər verir.
O, həmçinin Ukrayna prezidenti Vladimir Zelenskinin oktyabrın 17-də Vaşinqtona gələcəyini xatırladıb. Tramp əlavə edib ki, Zelenski “Tomaqavk” qanadlı raketləri də daxil olmaqla, silah təchizatı tələb edəcək və ABŞ bu cür raketlərin böyük arsenalına malikdir.