ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu (ISW) bildirir ki, Rusiya prezidenti Vladimir Putin ölkəsinin iqtisadiyyatını Ukraynada uzunmüddətli müharibəni davam etdirə biləcək qədər güclü kimi təqdim etməyə cəhd göstərir. Analitiklərin fikrincə, Kremlin bu addımı Rusiyanın guya “qaçılmaz qələbə”yə doğru irəlilədiyi barədə yanlış təsəvvür yaratmağa hesablanıb.
Vətəninfo.az xəbər verir ki, Putin son çıxışlarında 2025-ci ilin sonuna Rusiya ÜDM artımının təxminən 1%, inflyasiyanın isə 6% və ya daha aşağı olacağını iddia edib. Lakin Mərkəzi Bankın 2026-cı il üçün inflyasiya proqnozu 4–5% təşkil edir. Putin həmçinin Rusiyanın “iqtisadi impulsunu” artıraraq aşağı işsizlik və orta səviyyəli inflyasiyanı qoruduğunu vurğulayıb.
ISW qeyd edir ki, real vəziyyət Kremlin təqdim etdiyindən xeyli fərqlidir. Son iqtisadi siyasət Rusiya iqtisadiyyatının daha ağır durumda olduğunu göstərir və Putinin bəyanatları əsl durumu gizlətməyə yönəlib.
Analitiklərin fikrincə, Putin Vaşinqtonu inandırmağa çalışır ki, sanksiyaların gücləndirilməsi Rusiya iqtisadiyyatına gözlənilən təsiri göstərməyəcək və Kremlin Ukraynaya qarşı müharibəni dayandırması üçün heç bir təzyiq yaratmayacaq. Rusiya lideri iqtisadiyyatdan danışarkən müharibəyə toxunmamağa çalışır, çünki iqtisadi uğur görüntüsünü “Rusiya qələbəsinin qaçılmaz olduğu” barədə saxta narrativlə birləşdirmək istəyir.
ISW bildirir ki, bu iki narrativ Qərb və Ukraynanı Kreml qarşısında geri çəkilməyə, uzunmüddətli müharibənin daha da sərtləşəcəyindən ehtiyat etməyə vadar etmək məqsədi daşıyır. Lakin institut qeyd edir ki, Qərb və Ukrayna həm cəbhədə, həm də iqtisadi sahədə Rusiyanın bir sıra zəif məqamlarından istifadə edərək Kremlə təzyiq göstərə və Moskvanı real güzəştlərə məcbur edə bilər. Buna görə də Rusiyanın qələbəsi “qaçılmaz” deyil.
Bundan əvvəl məlum olub ki, Rusiyada beş il ərzində ilk dəfə investisiya azalmaları qeydə alınıb. Yüksək faiz dərəcələri və iqtisadi yavaşlama fonunda 2025-ci ilin üçüncü rübündə investisiyalar illik müqayisədə 3,1% azalıb — bu göstərici son dəfə 2020-ci ilin üçüncü rübündə müşahidə olunmuşdu.
ABC News-un yazdığına görə, neft gəlirlərinin azalması və ümumi iqtisadi tənəzzül fonunda Kreml müharibə büdcəsini doldurmaq üçün əhali və kiçik biznes üçün vergi yükünü artırmaq niyyətindədir. 2026-cı ilin 1 yanvarından etibarən Rusiyada əlavə dəyər vergisi (ƏDV) 20%-dən 22%-ə qaldırılacaq ki, bu da ölkədə bir çox məhsulların qiymətinə birbaşa təsir göstərəcək.


























