Rusiya prezidenti Vladimir Putin NATO-nun “axilles dabanı” hesab edilən – Polşa ilə Baltikyanı ölkələri birləşdirən Suvalki dəhlizinə müdaxilə edə bilər. Bu barədə The Sun nəşrinə Britaniyanın keçmiş hərbi kəşfiyyat zabiti Filip İnqrəm məlumat verib.
Qeyd olunur ki, uzunluğu təxminən 100 km olan Suvalki dəhlizi Polşa ilə Litvanı birləşdirir, Kalininqrad vilayəti və Belarusun yaxınlığında yerləşir.
İnqrəmin sözlərinə görə, dəhlizin ələ keçirilməsi Baltikyanı ölkələri faktiki olaraq NATO-dakı müttəfiqlərindən ayırardı.
O bildirib:
“Biz Rusiyanın Kalininqrad vilayətində və Belarusda hərbi mövcudluğunun gücləndiyini, qəfil təlimlər və qeyri-adi qoşun hərəkətləri müşahidə edirik”.
Ekspertin fikrincə, Estoniya, Latviya və Litvaya qarşı istənilən təhlükə Ukraynaya qarşı genişmiqyaslı işğaldan əvvəl müşahidə olunan vəziyyətlə müqayisə oluna bilər. O, bunu ciddi xəbərdarlıq kimi qəbul etməyin vacibliyini vurğulayıb.
İnqrəm əlavə edib ki, Rusiyanın Suvalki dəhlizinə mümkün müdaxiləsinə Kremlin Baltikyanı ölkələrə qarşı güclənən təbliğat kampaniyaları və rusdilli azlıqlar arasında iğtişaşların qızışdırılması da işarə ola bilər.
Həmçinin, o istisna etməyib ki, Putin bölgəyə iqtisadi təzyiq göstərə, kommunikasiya hücumları həyata keçirə bilər. Ekspert Baltikyanı ölkələri bu təhlükələri ciddi qəbul etməyə çağırıb.
Putinin Qərbə təhdidi
Bundan əvvəl Putin bəyan etmişdi ki, Ukraynada Qərb hərbi qüvvələrinin olması Rusiya üçün “qanuni hədəf” sayılacaq. O əlavə edib ki, “doğru qərarlar qəbul olunarsa”, onların Ukraynada yerləşdirilməsinə ehtiyac qalmayacaq.
Bundan başqa, Rusiya rəhbəri bildirib ki, təhlükəsizlik zəmanətləri yalnız Ukrayna üçün deyil, həm də Rusiya üçün vacibdir. O, Moskvanın Ukrayna üzrə əldə ediləcək sülh razılaşmalarına “tam şəkildə əməl edəcəyini” iddia edib.