Rusiya Prezidenti Vladimir Putin Qərbin Ukraynanı NATO-ya cəlb etməyə yönəlmiş davamlı səylərinin Ukraynadakı münaqişənin əsas səbəblərindən biri olduğunu bildirib. Vətəninfo.az xəbər verir ki, o, bu fikirləri Şanxay Əməkdaşlıq Təşkilatının sammitində çıxışı zamanı səsləndirib.
“Ukraynadakı böhranın yaranmasının başlıca səbəblərindən biri 2014-cü ildə Qərbin təhriki ilə Kiyevdə baş vermiş dövlət çevrilişidir”, – deyə Rusiya prezidenti vurğulayıb.
Putinin sözlərinə görə, münaqişənin ikinci əsas səbəbi isə Qərbin Ukraynanı NATO-ya üzv etmək istiqamətində apardığı ardıcıl siyasətdir.
“Biz dəfələrlə bildirmişik ki, bu cür səylər Rusiyanın təhlükəsizliyi üçün birbaşa təhdid yaradır”, – deyə o əlavə edib.
Dövlət başçısı qeyd edib ki, 2014-cü il çevrilişinin nəticəsində Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləməyən siyasi rəhbərlik hakimiyyətdən uzaqlaşdırılıb.