Rusiya prezidenti Vladimir Putin bu gün – dekabrın 23-də illik mətbuat konfransı keçirəcək.
Vətəninfo.az Rusiya KİV-nə istinadən xəbər verir ki, tədbir Manejdə keçiriləcək. COVID-19 səbəbindən mətbuat konfransında iştirak edən media nümayəndələrinin sayına məhdudiyyət qoyulub – brifinqə 500 jurnalist buraxılacaq.
Vladimir Putinin ilin yekunlarına həsr olunmuş böyük mətbuat konfransı artıq ənənə halını alıb.
Prezident jurnalistlərə mövzu seçimində məhdudiyyət qoymur. Suallar bir qayda olaraq, Rusiyanın daxili və xarici siyasətinin müxtəlif sahələrinə toxunur, bəzən dövlət başçısının şəxsi həyatına da aid olur.
Prezidentin Mətbuat və informasiya şöbəsi bu il tədbirə 507 media nümayəndəsini akkreditasiyadan keçirib.
Epidemioloji təhlükəsizlik baxımından prezidentin oturacağı masa ilə jurnalistlər arasında məsafə ən azı 20 metr olacaq.
Hazırkı mətbuat konfransı ilk dəfə olaraq bu tədbir üçün istifadə olunacaq Manej mərkəzi sərgi salonunda keçiriləcək. Bundan əvvəl dövlət başçısı orada başqa tədbirlər keçirib, o cümlədən Federal Məclisə müraciətlər edib.
Vladimir Putinin böyük mətbuat konfransı 17-ci dəfə keçiriləcək.