Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Rusiya prezidenti Vladimir Putin “Yeni qlobal nizam şəraitində strateji tərəfdaşlığın dərinləşdirilməsi” adlı birgə bəyanat imzalayıblar.
Vətəninfo.az xəbər verir ki, paytaxt Astana şəhərinə rəsmi səfər edən Putin Tokayev tərəfindən Prezident Sarayı Akordada keçirilən mərasimlə qarşılanıb. Tokayev görüş zamanı Rusiyanı etibarlı strateji tərəfdaş və müttəfiq kimi xarakterizə edib. Putin isə Qazaxıstanı etibarlı dost və ən yaxın müttəfiq kimi dəyərləndirib. Görüşün sonunda prezidentlər iki dövlət arasında birgə bəyanat imzalayıblar.
İmzalama mərasimindən sonra keçirilən birgə mətbuat konfransında Qazaxıstan prezidenti görüşlərin açıq və nəticəyönümlü olduğunu vurğulayaraq “Strateji tərəfdaşlığımızın perspektiv sahələrini müəyyən etdik” deyə bildirib. O, görüşlərdə əsas diqqətin iqtisadi məsələlərə yönəldiyini qeyd edib.
Qarşılıqlı olmayan heç bir sahənin olmadığını bildirən Tokayev iki ölkə arasında mübahisəli mövzuların olmadığını da vurğulayıb. Putin isə imzalanan birgə bəyanatın iki ölkə hökumətləri üçün real tapşırıqlar müəyyən etdiyini qeyd edib. O, Qazaxıstan ilə nüvə araşdırmaları sahəsində əməkdaşlığın inkişaf etdiyini, nəqliyyat və kosmos sahələrində də birgə layihələrin həyata keçirildiyini bildirib. Həmçinin, iki ölkənin hökumətləri arasında enerji, gömrük, səhiyyə, turizm, təhsil, hüquq, tikinti, ekologiya, nəqliyyat və logistika kimi bir çox sahədə 20 əməkdaşlıq razılaşması imzalanıb.