ABŞ-ın nüfuzlu The New York Times nəşrinin yazdığına görə, Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibədə əsas məqsədi — Rusiyanın strateji maraqlarını təmin edəcək bir sülh razılaşmasına nail olmaqdır. Bu maraqlar sırasında birinci növbədə Ukraynanın NATO-ya üzv olmasının qarşısını almaq və Alyansın genişlənməsinin məhdudlaşdırılması dayanır.
Nəşr yazır ki, Putin uzun müddətdir keçmiş ABŞ prezidenti Donald Trampla şəxsi görüşə can atır. O hesab edir ki, Tramp ilə diplomatik əlaqələr Ukrayna ilə bağlı Rusiya üçün daha əlverişli şərtlərə nail olmaq baxımından döyüşlərin davamından daha effektlidir.
“Putin Trampı sülhə keçid üçün resurs kimi qoruyub saxlamaq istəyir”, — deyə Kremlinə yaxın siyasi şərhçi Sergey Markov bildirib. — “Tramp Rusiyanın şərtlərini həyata keçirmək üçün lazımdır”.
Putin bu ilin yanvarında bəyan etmişdi: “Bəlkə də, görüşsək daha yaxşı olar, sakit şəkildə bizi maraqlandıran məsələləri müzakirə edərik.”
Trampın komandası isə, yayılan məlumata görə, görüşü təxirə salır və Moskvanın atəşkəsə hazır olduğuna dair siqnal gözləyir.
Çərşənbə günü Moskvada Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun iştirakı ilə danışıqlar aparılıb. Prezidentin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov bildirib ki, Putin Ukrayna məsələsi ilə bağlı müəyyən “siqnallar” ötürüb, lakin onların detalları açıqlanmayıb.
Bu siqnallardan biri Rusiyanın əvvəllər irəli sürdüyü sərt ərazi tələblərindəki mümkün dəyişiklik ola bilər. Xatırladaq ki, Kreml 2022-ci ildə Ukraynanın dörd regionunu “öz ərazisinə qatdığını” elan etmişdi, baxmayaraq ki, həmin ərazilərin əhəmiyyətli hissəsi hələ də Ukraynanın nəzarətindədir.
Analitiklər hesab edirlər ki, Moskvanın sərt mövqeyi Tramp ilə şəxsi görüşə təzyiq vasitəsi kimi istifadə edilə bilər.
Carnegie Russia Eurasia Center-in aparıcı tədqiqatçısı Tatyana Stanovaya qeyd edir ki, bu “birləşdirilmiş” ərazilərin sərhədlərinin dəqiq müəyyənləşdirilməməsi Rusiyanın mövqeyində müəyyən elastiklik olduğunu göstərə bilər.
“Putin üçün əsas məsələ NATO-dur — Ukraynanın Alyansa üzv olmayacağına dair beton kimi möhkəm zəmanətlər və NATO ölkələrinin Ukraynada hərbi iştirakını artırmaması”, — deyə Stanovaya vurğulayıb.
Onun sözlərinə görə, ərazi məsələləri Putin üçün ikinci dərəcəlidir. Onun əsas məqsədi daha geniş geosiyasi təminatlar və Kiyevdə siyasi təsir imkanlarıdır.
“Ya o, bunu Qərbdən təminat almaqla əldə edir, ya da Ukrayna daxilində siyasi nəzarət vasitəsilə — ya biri, ya da hər ikisi”, — deyə ekspert əlavə edib.