ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin bu gün, 15 avqustda Alyaskada görüş keçirəcəklər. Görüşdə Ukraynada atəşkəs və silahların nəzarəti məsələlərinin müzakirə olunacağı gözlənilir. Vətəninfo.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Agentliyin Kremlin yaxın mənbəsinə istinadən verdiyi məlumata görə, tərəflər öncədən müəyyən razılaşmalar əldə etməyə nail olublar.
“Görünür, sabah (cümə günü) bəzi şərtlər razılaşdırılacaq. Çünki Trampa ‘yox’ demək mümkün deyil və biz də sanksiya təzyiqlərinə görə imtina edə bilmərik”, – deyə mənbə bildirib.
Reuters yazır ki, Putin tam atəşkəs üçün sərt şərtlər irəli sürüb. Lakin kompromis variantlardan biri hava hücumlarının mərhələli şəkildə dayandırılması ola bilər.
Eyni zamanda, analitiklər hesab edir ki, Putin Trampa istədiyini verdiyi təəssüratını yaradaraq, Ukraynada eskalasiya imkanlarını əlində saxlamağa çalışa bilər.
“Əgər Rusiya elə bir razılaşma təklif edə bilsə ki, bu, müəyyən atəşkəsi əhatə edir, lakin eyni zamanda Moskvanın eskalasiyaya nəzarətini saxlayır və nə Ukrayna ərazisində, nə də hava məkanında real məhdudiyyətlər yaratmırsa – bu, Putinin baxış bucağından ideal nəticə olar,” – deyə Avropa Siyasəti Təhlili Mərkəzinin Demokratiya Dayanıqlığı üzrə direktoru Sem Qrin bildirib.
Eyni zamanda, The New York Times qeyd edir ki, nəticədən asılı olmayaraq, Alyaskadakı bu görüş Putinin özü üçün böyük diplomatik qələbə sayıla bilər. Bu görüş Rusiya liderinə diplomatik təcriddən çıxmaq və ABŞ prezidentinə birbaşa təsir etmək imkanı verir.