“The Telegraph” qəzetinin məlumatına görə, Finlandiya Prezidenti Aleksandr Stubb və Norveç Baş naziri Yonas Qar Störe arasında Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı Ukrayna tərəfdaşları arasında fikir ayrılığına səbəb olub.
Vətəninfo.az xəbər verir ki, Störe və Stubb izah ediblər ki, “müharibəyə son qoymağa yönəlmiş gələcək danışıqlarla bağlı mesajları birbaşa çatdırmaq” qərarına gəliblər.
Lakin bəzi digər Avropa liderləri onları tənqid ediblər. Danimarkanın Baş naziri Mette Frederiksen Norveç-Finlandiya təşəbbüsünə son dərəcə şübhə ilə yanaşdığını bildirib. “Düşünürəm ki, Avropa təkbaşına hərəkət etməməli və birlikdə qalmalıdır”, – deyə o bildirib. İsveçin Baş naziri Ulf Kristersson bildirib ki, o və digər Avropa liderləri danışıqlar barədə məlumatlandırılmayıblar.
Qeyd edək ki, Kremlin sözlərinə görə, tərəflər noyabrın birinci yarısında Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların bərpası barədə razılaşmanı alqışlayıblar.


























