Rusiya prezidenti Vladimir Putin hələ də Qarabağ arzusundan əl çəkmədiyini bir daha nümayiş etdirdi. Putin sentyabrın 13-də Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda Qarabağla bağlı söylədiklərini oktyabrın 5-də bu dəfə Soçidə Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında təkrarlayıb və onun sözlərində əvvəlkitək separatizmə dəstəyin əlamətlər var. Putin yenə xəyallara dalaraq Qarabağın keçmiş taleyindən danışıb. Əslində Putinin dedikləri onu deməyə əsas verir ki, rəsmi Moskva hələ də öz çirkin niyyətindən əl çəkməyib.
Putin Qarabağda anti-terror əməliyyatına görə Ermənistanın baş naziri Nikol Paşinyanı və Avropa İttifaqının rəhbəri Şarl Mişeli ittiham edib. Bu ittihamdan daha çox həm də, Qarabağın siz verdiniz kimi açıqlama idi. putinin dedikləri həm də Azərbaycanın apardığı anti-terror əməliyyatındakı ugurlarına gölgə salmaq missiyasını daşıyırdı. Putinin məntiqinə görə, Şarl Mişel Nikol Paşinyanı Praqada Azərbaycanın ərazi bütövlüyünü tanımağa razı salandan sonra Rusiyanın Azərbaycanı dayandırmaq imkanları heçə enib. Yəni belə çıxır ki, Paşinyan Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanıyan bəyanat verməsəydi, Kreml Qarabağın tamamının Azərbaycanın nəzarətinə keçməsinə imkan verməyəcəkdi. Putinin təkrarladığı bir başqa açıqlama da Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyin nümunəsidir. Kreml sahibi bildirib ki, Ermənistan rəhbərləri vaxtilə onun 5 rayonu Azərbaycana qaytarmaq təklifinə razılaşsaydılar, Şuşa, Kəlbəcər və Laçın Ermənistanın və erməni separatçılarının nəzarətində qalacaqdı. Ermənistanın Putinin təklifinə razılaşması heç nəyi dəyişməyəcəkdi, çünki Azərbaycan heç bir halda Şuşa, Kəlbəcər və Laçının düşmən işğalı altında qalmasına razılaşmayacaqdı.
Elə son günlər Rusiya mediasının, konkret olaraq Kremlin rəsmi ruporunu həyata keçirən medianın Azərbaycana qarşı hücuma keçməsi onu deməyə əsas verir ki, Rusiya hələ də Qarabağdan əl çəkmək niyyətində deyil.
Putin çıxışında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə sülhməramlıların statusu ilə bağlı ikitərəfli əsasda danışıqlar aparmağı təklif edib.
“Ermənistan Qarabağın Azərbaycanın tərkib hissəsi kimi statusunu müəyyən edərək, öz mövqeyində keyfiyyət dəyişikliyi edib”, – Rusiya Federasiyasının rəhbəri bildirib.
“Bundan sonra görüşlərin birində prezident Əliyev mənə yaxınlaşıb dedi: “Görürsən, hamı qəbul edib ki, Qarabağ bizimdir. Sizin sülhməramlılarınız bizim ərazimizdədir”. Hətta Qarabağ Azərbaycanın tərkib hissəsi kimi müəyyən edildikdən dərhal sonra sülhməramlılarımızın statusu keyfiyyətcə dəyişdi.
Əliyev mənə dedi: “Əsgərləriniz bizim ərazimizdədir, indi onların statusunu ikitərəfli əsasda razılaşdıraq”. Baş nazir Nikol Paşinyan da təsdiqlədi: “Bəli, indi siz ikitərəfli danışıqlar aparmalısınız”, – Putin bildirib.
Amma elə Putinin açıqlamasından az sonra Rusiya Müdafiə Nazirliyi Rusiya sülhməramlıları Qarabağda keçmiş qoşunların təmas xətti boyunca – Əsgəran, Ağdərə və Şuşa rayonlarında müvəqqəti müşahidə məntəqələrini (MMM) bağlayıqlarını açıqladı.
Bir sözlə Rusiya indi ikili oyun oynamaq niyyətini hələ də gizlətmir. Amma bu günkü reallıqlar tam başqadır. Böyük ehtimalla Rusiya sülhməramlıları 2025-ci ildən tamamilə Azərbaycan ərazisindən çıxarılacaq. Bunun daha tez baş verməsi də mümkündür. Rusiya qalmaq istəsə belə, bu mümkün olmayacaq.
Qoşqar Salmanlı


























