Türkiyədən qaçaqmalçılıq yolu ilə aparılan və uzun illər ərzində Amerika Birləşmiş Ştatlarının (ABŞ) Boston şəhərindəki muzeydə sərgilənən Lidiya dövrünə aid 2500 illik qızıl boyunbağı Türkiyəyə qaytarılıb.
1982-ci ildə Manisanın Bintəpələr bölgəsindən qaçaqmalçılıq yolu ilə ABŞ-a aparılan qızıl boyunbağı Türkiyənin Bostondakı Baş Konsulluğundakı rəsmilərə təhvil verilib.
Türkiyənin Nyu Yorkdakı mədəniyyət attaşesi Hilal Demirel qızıl boyunbağının təxminən 20 santimetr uzunluğunda olduğunu bildirib.
Hilal Demirel deyib: “Əsər eramızdan əvvəl 6-5-ci əsrlərə aiddir. Bu günə qədər yaxşı qorunub saxlanılan bu əsər Bintəpələr nekropolu ərazisində aşkar edilən digər əsərlərə bənzəyir”.
Əsərin bölgə üçün tarixi və mədəni əhəmiyyətinə toxunan H.Demirel deyib: “Bu əsərin geri qaytarılması həm arxeoloji tədqiqatların inkişafı, həm də mədəni irsimizin qorunması baxımından mühüm addım hesab olunur”.
Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy da 2024-cü ildə 20 tarixi əsərin qaytarılacağını və “Bintepelər boyunbağı” ilə bu sayın 21-ə çatdığını açıqlayıb.