Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyevin səyləri ilə dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildi. Bu barədə 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 6 bənddən ibarət qərar qəbul edib, həmin günün bayram kimi qeyd olunması elan edilib. Dekabrın 25-də isə Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edib və artıq bundan sonraki illərdə bütün respublika ərazisində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunmağa başlanıldı.
Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər Heydər Əliyev xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi. Bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş diaspor nümayəndələri də qeyd edirlər.
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev tez bir zamanda bütün qarşıda duran problemlərin aradan qaldırılmasına nail oldu. Xalq-iqtidar münasibətlərini yenidən tənzimləyib, bu münasibətlərin möhkəmlənməsi istiqamətində böyük işlər gördü. Ümummilli Lider ölkəmizin ərazi bütövlüyünün beynəlxalq təşkilatlar tərəfindən tanınmasına nail oldu. Erməni təcavüzünün, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının dünyanın istənilən ölkəsində yaşayan hər bir azərbaycanlının əsas vəzifəsi olduğunu bildirərək, ilk dəfə 2001-ci il noyabrin 9-10-da Dünya azərbaycanlılarının birinci qurultayının kecirilməsinə nail oldu.
Bu gün diasporumuzun təşkilatlanması prosesi daha sürətlə gedir. Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.
Prezident İlham Əliyevin yürütdüyü diaspor siyasəti sayəsində həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününüz mübarək !
Metin Hüseynov – politoloq