image-1backend

Qanunsuz mərc və şans oyunlarını təbliğ edən məşhurlarla bağlı Dövlət Xidmətindən AÇIQLAMA

image-reklam_sirab_01

““Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 32.7-ci maddəsinə əsasən qumar oyunlarının, belə oyunların təşkilatçısının (operatorunun) və ya satıcısının, həmçinin “Bədən tərbiyəsi və idman haqqında” və “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının və lotereyaların reklamına yol verilmir”.

Bunu Demokrat.az-ın sorğusuna cavab olaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə sektorunun əməkdaşı Gülnar Hüseyn bildirib.

Gülnar Hüseyn bildirib ki, qeyd edilən hallarla əlaqədar, qanunvericiliyin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində məsuliyyət nəzərdə tutulub:

“Belə ki, qumar oyunlarının və ya belə oyunların təşkilatçısının (operatorunun) və satıcısının, həmçinin keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə fiziki şəxslər 3 min manat, vəzifəli şəxslər 7 min manat, hüquqi şəxslər isə 40 min manat məbləğində cərimə olunur”.

Qurumun əməkdaşı onu da nəzərə çatdırıb ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən reklam fəaliyyətinə dövlət nəzarəti məqsədilə mütəmadi olaraq monitorinqlər keçirilir:

“Həmçinin qeyd edilən məsələ ilə bağlı Dövlət Xidmətinə daxil olan müraciətlər araşdırılır. Belə ki, daha öncə də qanunsuz reklamların yerləşdirilməsini təmin edən sosial şəbəkə fenomenlərinə, influenser və blogerlərə, bu reklamların yerləşdirilməsi ilə istehlakçıları aldadan və onlarda çaşqınlıq hissi yaradan bazar subyektlərinə bu kimi əməllərdən çəkinməklə bağlı xəbərdarlıq edilmişdir”.

Gülnar Hüseyn əlavə edib ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, istehlakçılar internet resurslarında keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların, idman mərc oyunlarının, qumar oyunlarının ölkə daxilində reklamı ilə qarşılaşdıqları zaman Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə birbaşa ərizə, rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt ([email protected]) və 195-1-4 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.

Qeyd edək ki, Azərbaycanda bəzi məşhur simalar “1Xbet”, “Mostbet”, “Pin-up”, “10lineloto” kimi qanunsuz mərc və şans oyunları platformalarını reklam edirlər. Onların arasında idmançılar, aktyorlar, influenserlər, müğənnilər var. Qanunsuz mərc və şans oyunları şirkətləri vətəndaşları aldatmaqla yanaşı, bu əməlləri təbliğ edənlər reklam haqqında qanunvericiliyin tələblərini də pozurlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki